Cəbhə ilə bağlı təxribat xəbərlərini kim yayır?

cebhe-ile-bagli-texribat-xeberlerini-kim-yayir
Oxunma sayı: 6519

Cəbhə xəttində baş verən sonuncu qarşıdurma ilə bağlı mətbuatda, sosial şəbəkələrdə növbəti dəfə də heç bir rəsmi təsdiqi olmayan müxtəlif rəylər, məlumatlar, videolar yayıldı. Cəbhədə hər dəfə gərginlik yarananda dövlətin müvafiq qurumları tərəfindən mətbuata və cəmiyyətə müxtəlif çağırışlar olmasına baxmayaraq, yenə də nəticə çıxarılmadı. Kimlərsə düşmən tərəfin yaydığı məlumatları ictimailəşdirərək cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, bu prosesdə düşmən tərəfdən iştirak etdi.

Qafqazinfo” yaranmış vəziyyəti şərh etmək üçün media qurumlarının rəhbərindən münasibət öyrənib.

Qafqazinfo”nun rəhbəri Elbrus Ərud bildirib ki, artıq 27 ildir davam edən bu müharibə nəhayət ki, bizim cəmiyyət olaraq peşəkar davranış təcrübəmizi yaratmalı, hər dəfə naşı duruma düşməməli, çarəsiz uşaq kimi ortada qalmamalıyıq: “Atışma başlayanda döyüş zonasında yaşayan sakin tez qaçıb zirzəmiyə girdiyi kimi, cəmiyyət də öz mövqeyinə çəkilməli və peşəkar davranış sərgiləyərək ya prosesə öz töhfəsini verməli, ya da susub gözləməli, əl-ayağa dolaşıb əlavə problemlər yaratmamalıdır. 

Bu gün ermənilərin çəkib yaydığı və Azərbaycan əsgərinin meyitləri olduğunu iddia etdikləri videoları yayan mətbuat orqanları Azərbaycan dövlətinin maraqlarına yox, düşmənin maraqlarına xidmət edən şəxslərdir. Çünki çəkilib yayılan videoda görünənlərin Azərbaycan əsgəri olub-olmadığını müəyyənləşdirmək heç cür mümkün deyil. Bu, erməni əsgərlərinin öz videosu da ola bilər. Və ya tamam başqa 1 görüntünü əks etdirə bilər.

Son günlər cəbhə xəttində baş verənlər növbəti dəfə cəmiyyət və media olaraq bizim qeyri-peşəkar davranışlarımızı üzə çıxardı. Cəmiyyət və medianı ona görə bir yerdə vurğulayıram ki, bu gün sosial şəbəkələr vasitəsi ilə fikir və düşüncələrini ictimailəşdirən istənilən insan ictimai rəyə təsir etməklə həm də kütləvi informasiya vasitəsinin nümayandəsi rolunu oynayır. Bu gün yayılan informasiyanın, ictimailəşdirilən fikrin kimə məxsus olduğu, etibarlılığı öyrənilmək əvəzinə, ortaya atılan informasiya, rəy, saxta profildən, kimlərinsə hansısa məqsədlər üçün yaratdığı az tirajlı saytlar, portallar vasitəsi ilə sürətlə yayılır və həmin şəxslər bilərəkdən və ya bilməyərkdən kiminsə əlinə oynamış olur. Təsəvvür edin ki, cəbhədə iki güllə atılan kimi guya bu xalqın, ordunun təəssübünü çəkənlər haradansa peyda olub heç bir məsuliyyət hiss etmədən statuslar yazıb tirajlamağa başlayırlar.

Guya bu adamlarda hansısa informasiyalar var, cəbhədə cəmiyyətdən gizlədilən nələrsə baş verib, nə bilim kiminsə xalası oğlu indicə zəng edib hansısa rayonun işğaldan azad olduğunu bildirib, və.s. və.i. Onlarla bu cür heç bir fakta söykənməyən, ömrü heç yarım saat da çəkməyən məlumatlar tirajlanır. Və bu məlumatlar təəssüf ki, əvvəlcə kiçik saytlara yol tapır, ictimailəşir, bir qədər geniş auditoriya əldə edir, daha sonra isə bəzi ciddi medialar da bu məsuliyyətsizliyin toruna düşür.

Bunları bir kənara qoyaq. Bu gün hamımızın tanıdığı, cəmiyyətdə müəyyən nüfuza, sözə, etibara sahib insanlar da baş verən hadisələrə heç bir rəsmi reaksiya vermədən münasibətlər bildirir. Bəzən biz özümüz bir gündə ən azı on dəfə tutaq ki, facebookda status yazıb hansısa hadisəyə münasibətimizi bildirir, cəmiyyəti yönləndirir, insanların fikrini çaşdırır və özümüz belə istəmədən yalnış rəylərin yaranmasına səbəb oluruq. Axı biz nəyə görə fərqinə varmırıq ki, ölkədə müharibə gedir və bu mövzuda kimsə danışırısa ən azı peşəkarlığı gözləməli, eşitdiyini yazıb sayta qoymamalıdır. Vəziyyətin kifayət qədər həssaslığı nəzərə alınmalı və cəmiyyət də yalnız və yalnız peşəkar açıqlamaların, rəsmi xəbərlərin oxucusuna, yayıcısına çevrilməlidir”.

E. Ərud vurğulayıb ki, bu gün belə xoşagəlməz situasiyanın yaranmasını Müdafiə Nazirliyi də nəzərə almalıdır: “Çünki, şayiələr, düzgün olmayan məlumatlar, adətən gerçək məlumatlar açıqlanmayanda, gecikdiriləndə üzə çıxır. Nazirlik rəsmi qurum olaraq, bu cür situasiyalarda mətbuat və cəmiyyətlə gücləndirilmiş iş rejimində işləməlidir. Tutaq ki, 3 gün əvvələ açıqlamalı olduğu həqiqəti bu günə saxlamamalıdır. Bu gün hamı dərk edir ki, müharibə gedirsə hər iki tərəf itki verə bilər, ordumuz hansısa döyüşdə uduza bilər, hansısa qarşıdurmada qalib gələ bilər. Yəni baş verən hansısa itkiləri vaxtında açıqlamaq və əlavə şayiələrin qaşısını almaq daha yaxşı olardı.

Ən sonda, bu məqamı ciddi şəkildə vurğulamaq istəyirəm ki, belə naşı davranışların qarşısı mütləq və mütləq inzibati yolla da alınmalıdır. Bu cür “sətəm-seyrək” məlumatları paylayan, ordu ilə bağlı qadağan olunmuş, rəsmi təsdiqini tapmayan hay-küyləri ictimailəşdirən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Bu praktikadan bir-iki dəfə istifadə olunsa, başqa “mütəxəssislər” də nəticə çıxarar və öz davarnışlarında nəzərə alarlar”.

"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, cəbhə xəttində baş verənlərlə bağlı erməni mətbuatının apardığı təbliğatın eynilə bizim saytlarda əksini tapması qəbuledilməzdir: "Belə vaxtda Azərbaycan Müdafiə Nazirliyinin və inanılmış xəbər mənbələrindən kənarda xəbər, video və ya fotoşəkilə istinad eləmək yolverilməzdir. Biz rəsmi xəbər qaynaqlarının daha operativ olmasını tələb edə bilərik. Xəbərlərin gecikməsinin obyektiv və subyektiv səbəbləri ola bilər. Şəxsən mən daha operativ işləməyin, xəbəri yerli və beynəlxalq ictimaiyyətin Azərbaycan mənbələrindən öyrənilməsinin tərəfdarıyam. Xəbər almaq, tələb etmək və yaymaq medianın ən təbii haqqıdır".

V. Mahirqızı deyib ki, bununla belə Ermənistan mətbuatının yaydığı dezinformasiyalara istinad eləmək, fotolar yaymaq qəbul edilməzdir: "Mən hesab edirəm ki, dəfələrlə olan çağırışlara baxmayaraq, bu cür fəaliyyətini davam etdirən media qurumlarına qarşı qanunun tələblərinə uyğun davranmaq lazımdır. Bununla bağlı Azərbaycan qanunvericiliyində hansı hallar nəzərdə tutulubsa, onlar da tətbiq edilməlidir. Çünki düşmənin təbliğatına xidmət etmək, onun məlumatlarının daha çox yayılmasına çalışmaq cinayətdir. Ermənilər o fotoları məhz Azərbaycan ictimaiyyətinin görməsi, ruhdan düşməsi üçün yayırlar. Onu bizim bəzi media qurumlarının yayması da bu niyyətin gerçəkləşməsinə kömək etməkdir. Buna qarşı isə ictimai qınaq yox, qanun dayanmalıdır".

Günel Türksoy