Cavid Qurbanov Ziya Məmmədovu tənqid etdi

cavid-qurbanov-ziya-memmedovu-tenqid-etdi
Oxunma sayı: 11042

“Bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Bu vəzifəyə təyin olunduğu 1 il müddətində gördüyü işlərdən danışan C. Qurbanov biz sıra tənqidlər də səsləndirib: “Bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib”.

Cavid Qurbanov bir vaxtlar rəhbərlik etdiyi “Azəryolservis”in tabe olduğu Nəqliyyat Nazirliyi haqda sərt fikirlər səsləndirib: “Nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir”.