Can Dündarın həbsinə səbəb olan - Video

can-dundarin-hebsine-sebeb-olan
Oxunma sayı: 2627

Dövlətə xəyanət və cəsusluqda şübhəli bilinərək həbs olunan “Cumhuriyyət” qəzetinin rəhbəri Can Dündarın həbsinə əsas səbəb kimi may ayında qəzetdə yayımlanan məqalə göstərilir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzetdə Suriyaya silah aparan Milli Kəşfiyyat Təşkilatına aid yük maşınlarının fotoları və bununla bağlı məqalə yayımlandıqdan sonra mətbuat orqanı hökumət tərəfindən təhdidlərə məruz qalıb. Qəzetin rəhbəri Can Dündarın və Ankaradakı əməkdaşı Erdem Gülün həbsinə səbəb kimi də elə bu hadisə göstərilir.

“Baxın, Ərdoğanın yoxdur dediyi silahlar” 

Qəzetin 29 may 2015-ci il tarixli nömrəsində yayımlanan “Baxın, Ərdoğanın yoxdur dediyi silahlar” məqaləsində 19 yanvar 2014-cü ildə türkmənlərə qida aparıldığı iddia olunan yük maşınlarından xeyli sayda havan, top və tüfəng güllələrinin olduğu göstərilirdi. Baş verən hadisədən sonra silah daşındığı yalanlanmış və əməliyyatı həyata keçirən polislər, Adananın baş prokroru və daha 2 prokror həbs olunmuşdu. Qəzetin mayda görüntüləri təqdim etməsi isə məsələni yenidən gündəmə gətirib və hökunət üzvlərinin yalan dediyi ilə bağlı faktları ortaya çıxarıb.

Hadisələrdən sonra yük maşınlarındakı vəsaitin dövlət sirri olduğu və türkmənlərə kömək üçün göndərildiyi bildirilib, ancaq türkmənlər onlara bir şeyin gəlmədiyini söyləyib. Həmin əsnada xarici işlər naziri olan Əhməd Davudoğlu bu hadisəni dövlətə qarşı qurma adlandırsa da, AKP-nin Siirtdən deputatlığa namizəd olan üzvü Yasin Aktay iddiaları təsdiqləyərək yük maşınlarının Suriya ordusuna getdiyini bildirmişdi.

“Biz nə cəsus, nə xain, nə dəki qəhrəman deyilik. Biz jurnalistik və etdiyimiz hər şey jurnalist fəaliyyətidir”

Qəzetin əldə etdiyi görüntülərin polisə aid olduğu deyilən 3 ayrı kameradan çəkilib. Can Dündar ifadəverdikləri zaman onlardan videoların mənbəyinin soruşulduğunu bildirib: “İfadəmizi verdik, prokror yayımladığımız xəbərin qaynağını soruşdu. Bu kimi hallarda jurnalistlərin mənbəsini açıqlamamaq kimi bir haqqı var və biz öz haqqımızdan istifadə edərək mənbəyimizi açıqlamayacağımızı bildirdik. Xəbəri nə üçün yayımladıq sualının cavabı da çox açıqdır: dövlət bir cinayət işləyirsə, bunu ortaya çıxarmaq bizim vəzifəmizdir və xalqın hər şeyi bilmək haqqı var. Dünya praktikasından bir çox örnək göstərdik və türkiyədəki də bunun bir bənzəridir”.

Son olaraq Tvitterdə həbs olunduğunu yazan jurnalistə xalqdan xeyli sayda dəstək mesajları gəlib və tvitini 40 mindən çox adam paylaşıb.

 

Günel Hacı