“Cahangir Hacıyev günlərlə həbsdə ac qalır”

cahangir-haciyev-gunlerle-hebsde-ac-qalir
Oxunma sayı: 5133

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib.

C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev məhkəmə tərkibinə etiraz ediblər. Buna səbəb isə hazırlıq iclasının qərarında müdafiə tərəfinin ötən iclasda qaldırdığı 6 vəsatətdən yalnız 2-nin qeyd olunduğunu bildiriblər: "Bu da məhkəmə prosesinin obyektiv aparılacağına bizdə şübhə yaradır".

Digər təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti müdafiə etməyib.

Dövlət ittihamçısı münasibət bildirərək deyib ki, vəsatət əsaslandırılmadığından baxılmamış saxlanılsın.

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət baxılmamış saxlanılıb.

A.Layıcov vəsatət verərək hazırlıq iclasının qərarından şikayət vermək üçün vaxt istəyib. Hakim bildirib ki, Cinayət Prosessual Məcəlləsində bu hal nəzərdə tutulmayıb.

Bundan sonra təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.

F.Mehdiyev vəsatət verərək C.Hacıyevin qəfəsdən çıxarılıb vəkillərinin yanında oturmasını istəyib.

O bildirib ki, Kürdəxanı təcridxanasında Cahangir Hacıyevə böyük təzyiqlər var: "O, 3-cü korpusdan 4-cü korpusa köçürülüb. Orada isə artıq məhkum edilmiş, barəsində hökm çıxarılan şəxslər saxlanılır. Cahangir Hacıyev ümumi soyuducudan məhrum edilib. Ona verilən yeməkləri saxlaya bilmir və nəticədə günlərlə ac qalır. Məhkəmədən xahiş edirik ki, bu məsələyə münasibət bildirsin və problemin həlli üçün Penitensiar Xidmətə müraciət edilsin".

A.Layıc deyib ki, ötən iclasdan sonra Cahangir Hacıyevi qəsdən qızdırılmış "QAZ-53" maşını ilə aparıblar: "Əminəm ki, o maşın məhz Cahangir Hacıyev üçün göndərilmişdi. Bunun da səbəblərini bilirik".

Dövlət ittihamçısı qaldırılan məsələlərə münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxslərin tribunada ifadə verməsinə etiraz etmir: "Vəkillərlə məsləhətləşmək lazım olarsa, məsələ qaldırılar və fasilə verilər. Təcridxanadakı durumla bağlı isə məhkəmə Penitensiar Xidmətə müraciət edə bilər".

Cahangir Hacıyev vəsatətə münasibət bildirərək vəkillərin yanında oturmaq istədiyini deyib: "Burda oturanda zalda danışılanları eşitmirəm. Həqiqəti üzə çıxartmaq üçün müzakirə aparmalıyıq. Bu zaman vəkillərimlə məsləhətləşməliyəm".

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin edilməyib.

A.Layıc vəsatət verərək qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən 15 iyun 2015-ci tarixli Beynəlxalq Bank ASC-nin sağlamlaşdırılması barədə fərman verilib. Fərmandan irəli gələrək Maliyyə Nazirliyi, Beynəlxalq Bank və AqrarKredit QSC arasında üçtərəfli müqavilə imzalanıb. Təhvil-təslim işləri zamanı 5,7 milyard manat öhdəlik götürülüb və bank sağlamlaşdırılıb. İttiham aktında 211 milyon manat zərər dəydiyi yazılıb, 7 milyon mülki iddia hardan çıxdı? Xahiş edirik, həmin sağlamlaşdırma zamanı imzalanan müqavilələr, sənədlər məhkəməyə təqdim edilsin".

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət baxılmamış saxlanılıb. Bildirilib ki, vəsatətə sənədlərin tədqiqi mərhələsində münasibət bildiriləcək.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Cahangir Hacıyev özünü təqsirli bilmədiyini deyib: "İttiham aktında mənə aydın olan yerlər də var, olmayanlar da".

Digər təqsirləndirilənlər də özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra C.Hacıyevin sərbəst ifadə verəcəyi gözlənilir.

Murad Əhməd