Bu il ölkədə nələr oldu? - Müharibə, böhran + 7 xal...

bu-il-olkede-neler-oldu-
Oxunma sayı: 5409

2016-ci il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, idman həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, bu il baş verən hadisələr əslində, ötən il baş verən proseslərin davamı olsa da, bir sıra yeniliklərlə də fərqlənir.

Ötən il kimi bu il də ölkəmiz üçün iqtisadi böhran şəraiti davam edib. Belə ki davamlı olaraq dünya bazarlarında neftin qiyməti aşağı düşüb. Manat dollar qarşısında dəyərini sürəkli itirməyə başlayıb. İlin sonlarına yaxın artıq milli valyutamız ilk dəfə dollar qarşısında 1.7430 manat səviyyəsində qərarlaşıb.

Hökumət böhranı nəzərə alaraq, ilk dəfə olaraq “2017-ci ilin strateji yol xəritəsi”ni ictimaiyyətə təqdim edib. Artıq 2017-ci ildən etibarən manatın tam üzən məzənnə sisteminə keçid edəcəyini bəyan edib.

Tarif Şurası ilin sonlarına yaxın növbəti dəfə əsaslı şəkildə işığın və qazın qiymətini qaldırıb.

2015- ci il Beynəlxalq bank hadisələri kimi yaddaşda qalan proseslər bu il də davam etdi. İlin sonuna yaxın ötən il vəzifəyə təyinat almış Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov gözlənilmədən vəzifəsindən azad edilib.

Bankların lisenziyasının ləğv edilməsi prosesi bu il də davam edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin, həmçinin ölkənin böyük banklarından olan “Bank Standard” ASC-nin də lisenziyası ləğv edilib.

2016-cı ildə iki mühüm siyasi hadisə baş verib. Belə ki, aprelin 4-dən 5-nə keçən gecə Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistanın növbəti təxribatı nəticəsində döyüş əməliyyatlarına start verilib. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi işğaldan azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Silahlı Qüvvələri ərazilərin işğal edilməsində 100-ə yaxın şəhid verib.

Sentyabrın 26-da isə, ümumxalq səsverməsi nəticəsində Azərbaycan xalqı Konstitusiyaya edilən mühüm dəyişikliklərə səs verib. Beləliklə, referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə dəyişikliklər edildi. Ölkədə vitse-prezidentlər institutu yaradıldı, prezidentin səlahiyyət müddəti 7 il müddətinə artırıldı. Bundan əlavə, ölkə prezidenti Milli Məclisi vaxtından əvvəl buraxmaq kimi səlahiyyət qazanmış oldu.

Azərbaycan teleməkanında baş vermiş mühüm olay isə 25 il fəaliyyət göstərmiş “ANS” telekanalının bağlanması oldu. İyulun 18-də kanal Türkiyədə baş verən çevriliş olaylarında terroru təbliğ etməsi, Fətullah Gülənə dəstək verməsi səbəbi ilə efir məkanından uzaqlaşdırıldı.

2016-cı il Azərbaycan idmanı üçün də gözlənilməz hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan milli komandası ilk dəfə DÇ-nin seçmə mərhələsində 4 oyuna 7 xal yığıb. İlk dəfə komandamız ilk 3 oyunda məğlub olmayıb.

Bundan əlavə, ilk dəfə UEFA Azərbaycanda oyun alqı-satqısı ilə məşğul olan komandaların adlarını ölkə futbol federasiyasına göndərib.

Jurnalist Rasim Əliyevin ölümündə yetirilməsində təqsirli bilinən “Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynov azadlığa buraxıldı.

Eyni zamanda ölkəmiz növbəti möhtəşəm idman tədbirinə ev sahibliyi edib. Belə ki, ilk dəfə olaraq “Formula 1” idman yarışı Bakıda keçirilib.

Bu il dünyasını dəyişmiş tanınmışlar da az deyil. Mərhum prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyev, xalq artisti İlhamə Quliyeva, xalq şairi Zəlimxan Yaqub, xalq artisti Oqtay Zülfüqarov, ilin sonlarına yaxın isə akademik Nizami Süleymanov vəfat edib.

Günel Türksoy