“Bu, Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir”

bu-azerbaycan-esgerine-gulle-atmaq-kimi-bir-seydir
Oxunma sayı: 2628

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib.

Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov açıqlama verib. Deputat bildirib ki, Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlıq var:

Ermənistan mətbuatı bunu açıq şəkildə biruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır. Erməni diasporu bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil edirdi. Narahatlıq isə ondan qaynaqlanır ki, bundan sonra hansısa xarici vətəndaş çətin ki, Azərbaycanın işğal altında olan torpaqlarına səfər etsin”.

F. Muradovun sözlərinə görə, bəzi qüvvələr Lapşin məsələsini siyasiləşdirmək istəyir:

“Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsinlər. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Həm də düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək”.

Deputat bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir:

“Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi konflikt yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti suçlanır. Erməni diasporu deyir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə ora gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir. Bir sual vermək istəyirəm: Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı bir əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam Azərbaycanın işğal altındakə ərazilərinə Azərbaycandan icazəsiz gedirsə, demək ki, o, Azərbaycan dövlətinə, xalqına qarşı çıxır. Bu da Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya, onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş yerə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik dövriyyəsinin çoxalmasını heç kim istisna edə bilməz”.