“Böyüməyən uşaqlar”ın təqdimatı oldu - Fotolar

boyumeyen-usaqlarin-teqdimati-oldu
Oxunma sayı: 1022

Bu gün Kiyev şəhərində, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində tanınmış jurnalist Elşad Eyvazlının müəllifi olduğu və Ukrayn dilinə tərcümə olunan "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib. "Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, təqdimat mərasimində UABD-nin Alimlər Şurasının üzvləri, Ukraynanın tanınmış ziyalıları və diaspor fəalları iştirak edib.

Təqdimatda çıxış edən UABD-nin sədri Hikmət Cavadov bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edir: “Kitabın məhz Ukrayna dilində təqdimatının məqsəd də Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaşadığımız ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hər iki valideynini itirmiş Xocalıdan olan 25 uşağın axtarıb tapılması, onların acı talelərinin qələmə alınması çox əhəmiyyətli idi. Jurnalist Elşad Eyvazlı bunu bacarıb və ortaya erməni vandailzmi ilə bağlı dünyanı inandıra biləcək faktlar qoyub”.

H.Cavadov vurğulayıb ki, müəllifin məqsədi ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətləri onların öz dili ilə oxuculara çatdırmaqdır: “Diqqət etsəniz görərsiniz ki, kitabda yer alan məlumatlar müəllif təxəyyülünün məhsulu deyil, o dəhşətləri yaşayanların acı xatirələri, onların yaddaşlarına əbədi hopan gerçək hadisələrdir”.

H.Cavadov qeyd edib ki, 25 il əvvəl uşaq, bu gün isə gənc olan Xocalı soyqırımının məhz bu kitabda yer alan bəzi şahidləri ilə ötən il Bakıda - Heydər Əliyev Mərkəzində keçirdikləri tədbir zamanı tanış olub: “Məni və ukraynalı pilot Leonid Kravetsi bu gənclərlə Elşad Eyvazlı tanış etdi. Onların bəziləri 25 il əvvəl Xocalıdan insanları vertolyotla çıxaran L.Kravetsi tanıdılar. Bu mənzərə çox ağrılı idi”.

UABD sədri bildirib ki, Xocalı soyqırımının 25 illiyi ilə bağlı fevralın 25-də Kiyev, 26-da isə Dnepr şəhərlərində təşkil edəcəkləri tədbirlərdə də “Böyüməyən uşaqlar”ı təqdim edəcəklər.

Təqdimatda çıxış edən UABD-nin sədr müavini Murad Cəfərov bildirib ki, bu kitab bizə imkan verəcək ki, Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinə rahat şəkildə çatdıraq: “Böyüməyən uşaqlar”ın xatirələri dəhşətlidir. Bu dəhşətlər bizi bir daha düşmənə qarşı birləşməyə və işğal altında qalan torpaqlar uğrunda mübarizəyə səsləyir”.

Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, sabiq səfir Tələt Əliyev və UABD-nin Alimlər Şurasının üzvləri - professor Arif Quliyev, tanınmış jurnalist Əlisa Dəmirov çıxış edərək Xocalı soyqırımının Ukrayna cəmiyyətində tanıdılması üçün “Böyüməyən uşaqlar” kitabının əhəmiyyətli rol oynayacağını bildiriblər. Onlar bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası ilə yanaşı bu kimi nəşrlər də Xocalı soyqırımının təbliği nöqteyi-nəzərdən əhəmiyyətli vasitədir.