Bölgələrdən paytaxta gələnlərin əzabı

bolgelerden-paytaxta-gelenlerin-ezabi
Oxunma sayı: 2515

Azər Qismət

Respublikanın bölgələrindən Bakıya avtomobillər buraxılmır. Bu, paytaxtda tıxacın qarşısını almaq üçün nəzərdə tutulub. Qeyd edim ki, bu cür qadağa dünyanın müxtəlif yerlərində də mövcuddur. Bəzi ölkələrdə isə cütnömrəli maşınları həftənin cüt, təknömrəli maşınları isə həftənin tək günləri, yaxud aylarında paytaxta buraxırlar. Bəs, tıxacın qarşısını almaq üçün dünyanın bəzi ölkələrində hansı tədbirlər görülür? 

QAZAXISTAN

Bu ölkədə bölgələrdən gələn avtomobillər paytaxta yalnız şənbə və bazar günləri buraxılır. Çünki paytaxt sakinləri həmin günlərdə avtomobillərini evdən çıxarmırlar, yəni dincəlirlər. Nəticədə, bölgə avtomobillərinin girişi elə də tıxac yaratmır.

SİNQAPUR

Bu ölkədə 800 min avtomobil var. 4 milyondan çox sakin üçün elə də pis rəqəm deyil, yəni azdır. Bunun səbəbi var. Hökumət çalışır ki, ölkədə maşınların sayı azalsın. Ona görə də avtomobillərin qiymətini o həddə qaldırır ki, sadə sinqapurlu ictimai nəqliyyatdan istifadə etməyə məcbur qalsın. Məsələn, Toyota Corolla orada 35 000, orta səviyyəli Mercedes 80 min dollardır. Ümumiyyətlə, istənilən maşın öz qiymətindən 14 faiz baha satılır. Hansısa sinqapurlu avtomobil alandan sonra fantastik həcmdə hər il vergi də ödəməlidir. Hökumətin belə “qəddar” addımı sayəsində indi Sinqapurda tıxas problemi öz həllini tapıb.

BÖYÜK BRİTANİYA

Bu ölkədə bölgələrdən gələn avtomobillər paytaxt Londona buraxılır. Amma bir şərtlə. Şəhərin mərkəzinə, həm də tarixi yerlərə giriş pulludur. Və bu məbləğ böyükdür. Məsələn, Vest-End, Vestminster və Soxo-ya giriş üçün bölgə sürücüsü kifayət qədər pul ödəməlidir. Əgər maşın oralara səhər 07.00-da daxil olub axşam 18.30-da çıxırsa, onda 15.70 dollar ödəməlidir. Avtobus və mikroavtobuslar şəhərin mərkəzinə lisenziya əsasında daxil olur. Motosikl, velosiped, qəza xidməti avtomobilləri məbləğ ödəməkdən azaddır. Bütün bu görülən tədbirlər nəticəsində hazırda Londonda tıxacın səviyəsi 15 faiz azalıb.

YUNANISTAN

Bu ölkədə də bögələrdən paytaxta gələn maşınlara qadağa var. Lakin bir şərtlə. Cütrəqəmlə bitən avtomobillər paytaxta ancaq ilin cüt aylarında (fevral, aprel, iyun, avqust və s.) daxil ola bilər. Nömrəsinin sonu təkrəqəmlə bitənlər isə tək aylarda (yanvar, mart, may və s.) paytaxta giriş əldə edir. Amma indi əksər yunanlar hiyləgərliyə əl atırlar. Belə ki, sonu cütrəqəmlə bitənlər sonu təkrəqəmlə bitən ucuz maşınlar alır. Ona görə də hökumət tıxacın azalması üçün çətinlik çəkir. Eləcə də əlavə alınan ucuz maşınlar paytaxtın ekologiyasını korlayır.

BRAZİLİYA

Bu ölkənin San-Paulu şəhərindəki qadağa daha ekzotikdir. Şəhərin meriyası tıxacın əlindən yaxa qurtarmaq üçün qərara alıb ki, həftənin 1-ci günü son rəqəmi 1, 2-ci günü son rəqəmi 2 ilə bitən avtomobillərin hərəkətini qadağan etsin. Eləcə də, bu qadağa həftənin digər günlərinə də şamil olunur.

AVSTRİYA

Paytaxt Vyanada tıxacı aradan qaldırmaq üçün parkovka məsələsinə ciddi fikir verilir. Şəhərin mərkəzi hissəsində maşınların parkovka etməsində qadağalar mövcuddur. Məsələn, neçə il bundan əvvəl səhər saat 09.00-dan axşam 19.00-a qədər parkovkaya icazə verilirdisə, indi bu vaxt 30 dəqiqəyə endirilib. Paytaxtın nisbətən uzaq yaşayış massivlərində isə ancaq 2 saat parkovka edilə bilər. Meriya hesab edir ki, tıxacın yaranmasına əsas səbəb yolun kənarında dayanan avtomobillərdir.

O ki qaldı Azərbaycana və rayon nömrəli avtomobillərin paytaxta buraxılmamasına... Bölgələrdən gələnlərə Qaradağ rayonunda yüksək şərait yaradılsa yaxşı olar. Burada avtobusların sayı artırılmalı, gələcəkdə metro layihəsi nəzərdə tutulmalıdır. Xəstələrin müdaxiləsiz girişinə, eləcə də kənd təsərrüfatı məhsulu gətirənlərə güzəştlərin tətbiq edilməsi, məncə, işin xeyrinədir. Xəstələr həyatını itirə bilər, kənd təsərrüfatı məhsullarını isə hansısa alverçi alıb bizə od qiymətinə sırıyar.