“Bizim regionla bağlı çox ciddi narahatlıqları var” - Fuad Muradov

bizim-regionla-bagli-cox-ciddi-narahatliqlari-var
Oxunma sayı: 2046

“Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Strasburqda səfərdə olub. Biz orada müxtəlif iki tərəfli görüşlər keçirdik. Birmənalı olaraq demək istəyirəm ki, Avropada nümayəndə heyətimizin görüşdüyü hər bir deputat yenidən AVRONEST PA-dakı fəaliyyətimizi bərpa etməyimizi yüksək qiymətləndirdi”.

Qafqazinfo” xəbər verir ki, bunu AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, AVRONETS-də bir sıra deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirilib:

“Biz eyni zamanda Avropa deputatları ilə, qurumun 8 siyasi qrupundan 6-sının rəhbər şəxsləri ilə o cümlədən, AVRONEST-in xarici əlaqələr komitəsinin sədri, Avropa parlamentinin vitse-spikerləri ilə görüşdük. Birmənalı olaraq orada vəziyyət belədir ki, avropalı deputatların bizim regionla bağlı çox ciddi narahatlıqları var.

Narahatlıq odur ki, artıq Ermənistanın mövqeyi bəllidir. Hətta AVRONEST-in büro iclasında da erməni nümayəndə heyəti bu dəfə də iclası pozmağa cəhd etdi. Avropalı deputatlar erməni deputatlara sərt mövqe göstərdilər ki, “nəyə görə siz həmişə iclasları pozmağa çalışırsınız? Siz bilinməyən bir mövqeyi həyata keçirirsiniz”.

Artıq mən bir çox Avropa parlamentinin deputatları ilə danışanda açıq dedilər ki, biz birmənalı şəkildə kimin işğalçı və kimin işğaldan əziyyət çəkən olduğunu bilirik. Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi də var. Biz çalışacağıq ki, gələcəkdə bu qətnamənin həyata keçirilməsində real mexanizm olsun. Əsas problemimiz odur ki, Avropa parlamentində bu gün bu mexanizmlər mövcud deyil. Artıq bütün məsələlər ortadadır. Ermənistanın dilənçi mövqeyinin olmasını Avropa deputatları artıq bilirlər. Onların müxtəlif ittifaqlara qoşulmaqda əsas məqsədləri odur ki, sosial və iqtisadi problemlərini həll etsinlər”.

F. Muradov söyləyib ki, bu gün erməni lobbisinin təsirində olan avropalı deputatlar da var: “Təbii ki, Avropa Parlamentində bir qrup deputatlar var ki, onlar həm erməni lobbisinin təsirindədir və bir qrup da var ki, onlar ümumiyyətlə Azərbaycanı belə tanımır. Bizim bu görüşlərdə əsas məqsədimiz o idi ki, Avropalı deputatlara sübut edək ki, Azərbaycan öz müstəqil siyasətini hər zaman həyata keçirəcək, Azərbaycanın milli maraqlarının həyata keçirilməsində kim bizimlə əməkdaşlıq etmək istəyirsə biz də onlarla əməkdaşlıq edəcəyik. Avropa parlamentində çox açıq şəkildə bildirdik ki, siz Azərbaycanla bağlı qətnamələri qəbul edəndə təcili hərəkət edəndə bu həlı o demək deyil ki, Azərbaycanda hansısa təcili məsələ və yaxud vəziyyət var.

Yəni, bu o demək deyil ki, Azərbaycanla bağlı təcili qətnamə qəbul edilməlidir. Yaxşı olar ki, gələcəkdə belə bir məsələlər onların həm AVRONEST-də və həm də Avropa parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman bizimlə məsləhətləşsinlər”.

Günel Türksoy