Bizim “daşkəsən” Brus Li…

bizim-daskesen-brus-li
Oxunma sayı: 3273

Raminə Eyvazqızı

Sosial şəbəkə və internet medianın Əhəd Abıyev haqqında sözü-söhbəti bitmək bilməyir. Daşkəsən merinin çoxdandır səsini-sorağını eşitmirdik. Onun Milli Məclis arenasındakı performansı icra başçısı olduqdan sonra xeyli zəifləmişdi. Amma son “patriot” şousu özünə baha başa gəldi.

Əhəd müəllim “şifer erməni”nin canını aldı, əvəzində özü də xəsarətləndi. İndi onun sağ əlini işlədə bilməməyindən narahatam. “Daşkəsən Əhəd” müəllimin sənədlərə imza atmaq işi çətinləşər bir müddət.

Əhəd müəllimin “Bayraq günü”ndə canfəşanlıq göstərməsi Elza Seyidcahanın yeni yazdığı seir qədər rezonans doğurdu. Həm gülməli, həm də ağlamalı vəziyyətdi.

“N” saylı hərbi hissənin əsgərlərinin həmin mərasimdəki çıxışları nə olub bilmirəm, amma əsgərin “şifer düşmən bayrağ”ına tüpürməsini şanlı Azərbaycan əsgərinə yaraşdırmazdım. Bəlkə də bunu icra başçısına görə edirdilər ki, Daşkəsən meri boks priyomunu asanlıqla həyata keçirsin. Bu ritual icra başçısını qoruya bilmədi. Olan oldu. Erməni bayrağının çalarlarını şiferə köçürmək, onu düşmən simvoluna çevirmək hansı ssenarinin hissəsi idi? Əhəd müəllim bu sürprizin aqibətini əvəzsiz qoymayacaq, o ssenaristi də, şifer rəngləyəni də mütləq ki cəzalandıracaq. Bəlkə də artıq cəza çəkilir.

Əhəd müəllim kimi “daşkəsən” birinin şiferi asanlıqla yumruqlaması erməni mətbuatında da maraq doğurdu. Amma ermənilər heç narahat olmadılar. Çünki onlara görə, həyəcan keçirən və hirslənən biri vardırsa, o da Kolumbiya hökümətidir. Qəhrəman merimiz isə başıaşağı “şifer ermənini” dümsükləməkdən, boks ifasından məmunluğunu itirmədi. İcra hakiminin gücü şifer parçasına çatdı, neyləsin.

Merin Bakı-Daşkəsən “məlumat bazası”nda ciddi problem yaranmışdı. Xəbəri yox idi ki, “erməni bayrağı” ilə güləşən vaxtlarda Bakıda bir qrup erməni əlini-qolunu sallayıb gəzirdi. Hətta Azərbaycan xalqının haqqına sığınıb üzr, təzim formatında çıxış edirdilər. Mühacir publisist Vahe Avetyan, Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan , jurnalist Suzanna Caqinyan bizim tribunadan Sərkisyan rejimini lənətləyirdilər. Lənətin səmimiliyi o tərəfə qalsın, hər halda erməniyə meydan verilmişdi.

Əhəd müəllimsə, bu boyda həngaməni qoyub “Brus Li” obrazına girmişdi. Şousunu izləyənin onun haqqında “patriotdur” deməsini gözləyirdi. Kişi barmaqlarını qurban verdi, dediyinə görə barmaqları sınıb, amma heç nə yoxdur. Sağ əlin insan həyatında rolunu bildiyimizdən, icra başçısının sağalmasını arzu edirik. Çünki o yaşda sümüklərin birləşməsi, sınıqların sağalması xeyli vaxt aparır. Yəqin Əhəd müəllimin vəziyyətinin yaxşılaşmasında Daşkəsəndə yaşayan 120 erməni qadından bir qismi də rol oynayar. Axı deyir ki, onların özləri bəyan edib ki, “sizin xidmətçinizik”. Bir də ermənilər arsında yaxşı sınıqçılar, məlhəm qoyanlar olur.