“Bəzi şəxslər fürsət düşən kimi...” - Yeni millət vəkili

bezi-sexsler-furset-dusen-kimi
Oxunma sayı: 5413

Keçmiş deputat Aydın Abbasovun Nardaran hadisələrindən sonra Gəncədə keçirilən xüsusi əməliyyatla bağlı fikirlərinə Gəncənin yeni deputatı Naqif Həmzəyevdən cavab gəlib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında şəhərdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü vurğulayıb: “Gəncənin son vaxtlar necə böyük sürətlə inkişaf etməsi, abadlaşdırılması və tarixi keçmişi qorunmaqla müasirliyə qovuşması, əsrarəngiz bir şəhərə çevrilməsi bir qrup şəxsləri narahat edir. Gündəmdə qalmaq istəyən bəzi şəxslər fürsət düşən kimi gəncəlilərin adından danışmağa başlayır, Gəncə və gəncəlilər haqqında fikirlər səsləndirməyə, özlərini canları yanan kimi göstərməyə çalışırlar. Gəncə abadlığı, inkişafı, gözəlliyi ilə deyil, həm də sabitliyi, əmin-amanlığı ilə seçilir. Azərbaycanın ikinci böyük şəhərində əhval-ruhiyyə, əmin-amanlıq, sabitlik yüksək səviyyədədir, ictimai asayişin və stabilliyin qorunması lazımi səviyyədə təşkil edilir və vaxtında lazımi addımlar atılır”.

Gənc deputat daha sonra qeyd edib ki, dindən vasitə kimi istifadə edərək insanların beynini zəhərləmək, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmaq ən böyük cinayətdir:

“Əminəm ki, Gəncənin inkişafını gözügötürməyən araqarışdıranların din amilini önə çəkərək, öz fəaliyyətlərinə bəraət qazandıranların gəncəlilərin adından danışmağa haqqı çatmır”.