“Bəzi nazirliklər özlərini qanundan üstün tutur...”

bezi-nazirlikler-ozlerini-qanundan-ustun-tutur
Oxunma sayı: 1668

Dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi bu gün Milli Məclisdə müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
İstər mövcud qanun, istər dövlər qullluğuna işə qəbulla bağlı prosedur, test imtahanı və sair ilə bağlı son illər əldə edilən təcrübə kifayət qədər mütərəqqidir: “Eyni zamanda, son illər həyata keçirilən uğurlu islahatlardan biri də dövlət qulluğuna işə qəbulla bağlı aparılan prosesidir. İstər indiyə kimi fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, istər Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işlərini yüksək səviyyədə qurublar. Bu gün isə onlar öz işlərini bir qurumda-Dövlət İmtahan Mərkəzində həyata keçirirlər və inanıram ki, müsbət təcrübə bundan sonra da davam etdiriləcək”.

Millət vəkilləri Fazil MustafaZahid Oruc dövlət qulluğuna qəbulda test imtahanının və müsahibənin nəticələrinin nazirliklər tərəfindən çox zaman nəzərə alınmamasından narazılığını bildiriblər. Onlar sual ediblər ki, insanlar necə ola bilər ki, test imtahanından, müsahibədən keçirlər, amma qəbul zamanı nazirliklər həmin şəxsləri deyil, başqalarını müqavilə yolu ilə işə götürürlər. Hansı ki, onlar da neçə illərdir oturub iş gözləyirlər.

Z. Oruc fikirlərini daha da konkretləşdirərək qeyd edib ki, hətta, bəzi nazirliklər ümumiyyətlə, vakansiyalarla bağlı məlumat vermirlər: “Mövcud qanunla isə onlar bu barədə məlumat verməyə borcludurlar. Ancaq özlərini qanunlardan da üstün görürlər. Biz niyə kiməsə “qadan alım, başına dönüm, filankəsi işə götür” deyə onlara ağız açmalıyıq?! Axı, o, testdən də, müsahibədən də keçib. Onların borcudur ki, həmin şəxsləri işə götürsünlər”.