“Bəzən deputatları məmurlarla eyniləşdirirlər”

bezen-deputatlari-memurlarla-eynilesdirirler
Oxunma sayı: 1536

Bu gün Milli Məclisdə kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən vitse-spiker Bahar Muradova qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman problemlərin önündə getməyə çalışıb:

“Mətbuat özü öz içərisindən saflanamağa daha çox imkan qazanıb. Biz parlament olaraq mətbuatın işinə çox önəm veririk. Ancaq Milli Məclisin fəaliyyətinin cəmiyyətə doğru-düzgün çatdırılması istiqamətində problemlər mövcuddur. Biz istəyirik ki, bu məsələləri müzakirə edək. Mətbuatın inkişafı bundan sonra dövlətin diqqət mərkəzində olacaq. Bəzən Milli Məclisin deputatlarının məmurlarla eyniləşdirilməsi halları olur. Ancaq millət vəkilləri də sizlər kimi ictimai mövqeyi bölüşən şəxslərdir”.

B. Muradova bildirib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, proseslərin önünə keçməyi bacarıb: “Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda da öz əksini tapıb. Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb”.

Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov çıxışında qeyd edib ki, mətbuat milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb: “Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi. Həmin insanlar 19-cu əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdu. Sonra müstəqillik, azadlıq hərəkatında mühüm rol oynadı. Bu gün mətbuat müstəqil, azaddır, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub”.

Günel Türksoy