Bayram Səfərov və Bako Saakyan

bayram-seferov-ve-bako-saakyan
Oxunma sayı: 1105

Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud durum çox maraqlıdır. Və bu durum istənilən mülahizəni irəli sürməyə imkan yaradır. Kazan görüşü bir daha sübut etdi ki, danışıqlar dalana dirənib. Danışıqlar dalana dirənibsə, deməli...

Müharibə barədə kifayət qədər yüksək səviyyədə bəyanatlar verilir. Prezident İlham Əliyev hərbi parad vaxtı və digər çıxışlarında bununla bağlı kifayət qədər aydın danışıb. Amma...

NATO xəbərdarlıq etdi ki, problemin müharibə ilə həlli yoxdur. Mövcud reallıqları nəzərə alsaq, ən azı bu gün NATO-nun dediyi ilə razılaşmaq məcburiyyətindəyik, Azərbaycan olaraq.

Bu yerdə kiçik bir haşiyə: Kazan danışıqlarında rəsmi Bakıdan tələb olunan və Azərbaycanın maraqlarına cavab verməyən şərtlərdən biri hərbi əməliyyatlardan imtina barədə olub. Bəli, həmsədrlər, onların Kazandakı təmsilçisi Rusiya və Ermənistan Azərbaycan prezidentindən tələb ediblər ki, İlham Əliyev problemin həllində ordudan istifadə etməyəcəyini imzası ilə təsdiq etsin. O isə bunu etməyib. Prezident son müşavirədə Kazan danışıqları barədə hamıya bəlli olanları dedi. Azərbaycanın qarşısına qoyulan bu şərt barədə isə heç nə demədi.

Bu məsələ ilə bağlı prezidentin niyə susmasını izah etmək çətindir. Amma məhz bu şərt barədə rəsmi Bakı xəbər tutan kimi hərbi parad qərarını verib.
Haşiyə burda bitir. Qayıdaq yaranmış situasiyada ən aktual suala: Bəs nə etməli?
Bu gün Azərbaycanın taktiki diplomatik manevrlərdən başqa yolu yoxdur.

Taktiki diplomatik manevr.

Axı necə?

Bu yerdə ikinci bir haşiyəyə də çıxmaq istərdim.

Kazan görüşündə Azərbaycanın qarşısında ciddi şərt kimi qoyulmasa da, hər halda qarşı tərəfin çalışdığı odur ki, Dağlıq Qarabağda mövcud olan “separatçı rejim” təmsilçiləri danışıqlara qoşulsun. Bişkek protokolu imzalanan gündən aktual olan məsələ danışıqlarda həmişə Azərbaycanın yadına salınır. Həmişə də Azərbaycan bunu rədd edir. Amma qarşı tərəf rədd ediləcəyini bilə-bilə, növbəti dəfə yenə bu məsələni yada salır.

Qayıdaq taktiki diplomatik manevrə.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi adlı bir təşkilat var. Sədri də Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur.
Bayram Səfərov Minsk qrupunun həmsədrlərinin timsalında beynəlxalq birlik tərəfindən qəbul olunur.

Dağlıq Qarabağ ermənilərinin beynəlxalq birlik tərəfindən qəbul olunan lideri isə Bako Saakyandır.

Danışıqların dalana dirəndiyi bu şəraitdə Bayram Səfərov Bako Saakyanla görüşmək, danışıq aparmaq və gələcək yaşayışın detallarını müzakirə etmək üçün öz mövqeyini ortaya qoymalıdır. Təbii ki, məsələyə rəsmi Bakının danışıqlarda tutduğu mövqe prizmasından yanaşaraq.

Bir sözlə, Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycan İcmasının rəhbəri kimi erməni icmasının rəhbəri Bako Saakyanla danışıq aparmaq təklifi ilə çıxış etməlidir. Bu təklifi rəsmi Bakı dairəli sürə bilər.

Bəs bu cəhd Azərbaycana nə verə bilər?

Birincisi, Azərbaycan dünyaya sülh təşəbbüslərini davam etdirən tərəf kimi təqdim olunar.

İkincisi, Azərbaycanın münaqişənin həllindən sonra Dağlıq Qarabağ erməniləri ilə öz vətəndaşı kimi davranacağını bir daha dünyaya göstərmiş olar.
Üçüncüsü, münaqişənin həllindən sonra ermənilərlə azərbaycanlıların birgə yaşaya bilməsini dünyaya göstərmiş olarıq.

Dördüncüsü, Dağlıq Qarabağ erməniləri bu cür təmaslarda dərk edərlər ki, Azərbaycan vətəndaşı olaraq yaşamaq daha yaxşı və daha sərfəlidir.
Beşincisi, Dağlıq Qarabağ erməniləri Minsk Qrupu çərçivəsində danışıqlara cəlb olunmadan da danışıqlarda iştirak edərlər.

Altıncısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması danışıqlara daha aktiv qatılmaq imkanı qazana bilər. Nəzərə alın ki, Minsk Qrupunun həmsədrləri hər dəfə Bako Saakyanla görüşdüyü halda, Bayram Səfərovla çox nadir hallarda görüşürlər.
Yeddincisi və bəlkə də ən vacibi. Bu günə qədər Azərbaycan ermənilərin və yaxud da beynəlxalq birliyin hansısa təklif və addımının ardınca getmək məcburiyyətində qalıb. Bu təklifi ortaya qoymaqla Azərbaycan təşəbbüs irəli sürən tərəf kimi həm faktiki, həm də taktiki üstünlüyə malik ola bilər.

Bəs Bayram Səfərov və Bako Saakyanın, ümumiyyətlə Dağlıq Qarabağın Azərbaycan və Erməni icmalarının danışıqlarında vasitəçinin kim olması nə dərəcədə önəmli ola bilər?
Sözsüz ki, vasitəçilərin kimliyi əslində texniki məsələdir. Və Bayram Səfərov və Bako Saakyan formatı yeni olduğundan vasitəçinin və ya vasitəçilərin də yeni olması məqsədəmüvafiqdir. Çünki köhnə vasitəçilər məsələni yenə də 20 illik axarına qaytarmağa cəhd edə bilərlər.