Azərbaycanda hakim özü-özünə etiraz etdi - İş ondan alındı

“Azərbaycanda hakim özü-özünə etiraz etdi  -  İş ondan alındı
Oxunma sayı: 1992

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər – Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hakim özü-özünə etiraz edib. E.İsmayılov bildirib ki, oğlu Emin İsmayılov Dövlət Təhlükəsizlik Xidmətində təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaqı aparan qrupun üzvü olub. Qanunvericiliyə görə, bu səbəbdən E.İsmayılov işə baxa bilməz.

Onun etirazı qəbul edilib və iş başqa hakimin icraatına verilməsi üçün proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ötən il yanvarın 7-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yanvarın 19-da isə ev dustaqlığına buraxılıb.

İslam Partiyasının sədr müavini olan İnqilab Əhədov isə 2011-ci ildən xarici xüsusi xidmət orqanları üçün casusluq etməkdə təqsirləndirilir. Ötən il yanvarın 27-də saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd

 


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!