Azərbaycan və Belarus 4 sənəd imzaladı - Fotolar

azerbaycan-ve-belarus-4-sened-imzaladi
Oxunma sayı: 1196

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti ilə Belarus prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzalayıblar.

“Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzalayıblar.

“Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıblar.

Sənədlərin imzalanmasından sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Fərmanı ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif ediliblər.