Azərbaycan istiqaməti dəyişir? - Parlamentdə xüsusi toplantı

azerbaycan-istiqameti-deyisir
Oxunma sayı: 6309

Hazırda Milli Məclisin növbədənkənar iclası keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, sessiyanın çağırılmasında məqsəd Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin müzakirə edilməsidir. Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, sentyabrın 10- da növbəti siyasi aksiya təşkil edilib: “Konstitusiya uyğun olaraq 49 deputat qətnamə ilə bağlı növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət etdilər. Biz dəfələrlə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin şahidi olmuşuq. Bu dəfə isə Avropa Parlamenti bütün çərçivələri keçib. Bütün beynəlxalq davranış qaydaları pozularaq tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətə qarşı çıxış etdilər. Mən, Valeh Əlsəgərov, Ziyafət Əsgərovla birgə həmin iclası canlı izlədik. Bir daha gördük ki, nə qədər qərəzli mövqe tutublar. Əvvəllər parlamentin iclaslarında Avropanı narahat edən problemlər müzakirə edilirdi. Əvvəl iclaslarda 50- 60 nəfər güclə iştirak edirdi. Bu dəfə isə tamam fərqli olaraq 635 nəfər depupat Azərbaycanla bağlı müzakirələr apardı”.

Onun sözlərinə görə, bu qətnamənin qəbul edilməsində məqsəd Azərbaycanı Avropadan tərcrid etmək, onun nüfuzuna zələl gətirmək, Dağlıq Qarabağ probleminin həllinin gecikdirilməsinə nail olmaqdır: “Bütün bunlar Dağlıq Qarabağın müstəqilliyinə xidmət edən amildir.

Azərbaycanın “dostu” xanım Lunaçik bu dəfə “ xüsusi” fəallıq göstərdi. Səhnəyə çıxaraq bildirdi ki, Azərbaycanla bağlı qətnamə mütləq müzakirəyə çıxarılmalıdır, gündəlikdə qalmalıdır. Daha sonra Azərbaycanı sevməyən daha iki adam çıxış edərək qətnamənin müzakirə edilməsini təkid etdilər. Müzakirələrdə qətnamənin əleyhinə 202 nəfər, 72 nəfər isə bitərəf qaldı. Bu o deməkdir ki, Azərbaycanla hələ də əməkdaşlıq etmək istəyənlər var. Amma heyif ki, onların səsi eşidilmədi. Azərbaycan heç kimin sözü ilə oturub durmayacaq. Müstəqillyini davam etdirəcək. Xalqla iqtidar arasında möhkəm birlik var. Hesab edirəm ki, hakimiyyət “Şərq Tərəfdaşlığı” proqramına yenidən nəzərdən keçirsin. Baxaq ki, təşkilatla əməkdaşlıq etmək lazımdır, ya yox”.

***

Spikerin çıxışından sonra müzakirələr başlayıb.

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, məlum qətnamə xalqa qarşı çevrilib: “Bütünlüklə xalqa təhqiridir. Heç kim demir ki, hakimiyyətimiz idealdır. Bütün Avropa hakimiyyətlərində qüsurlar var. Amma bizə yanaşmada daha qərəzli münasibət var. Onların bu münasibətini gizlətmək mükün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian müsəlman davasının elemntləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyi var. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər var. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu çoxlarına sərf etmir. Jurnalist Rasim Əliyev operator idi, axı onun hakimiyyətə qarşı ciddi iradı olmayıb. İndi qətnamədə onun qətlini hakimiyyətin üzərinə atırlar”.

***

YAP-dan olan millət vəkili Siyavuş Novruzov qeyd edib ki, son iki ildə Avropa Parlamentinin qərəzli qətnamələrinin şahidi olublar: “Növbəti bu bəyanata da etirazımızı bildiririk. Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. 10-cu maddədə yazılıb ki, Leyla və Arif Yunusun həbs olunmasında məqsəd işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasına görədir. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik”.

Onun sözlərinə görə, onlarla bizim milli satqınlar şurasını birgə fəaliyyət göstərir: “Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Çünki sabah qrant aldıqlarının Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Gəlib Avropa Azəbaycandan tolerantlıq, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğu öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanla iqtidar xalq birdir”.

***

Millət vəkili Əli Hüseynli hesab edir ki, iyul ayında prezidentin tövsiyələri vardı və orada qeyd olunurdu ki, gərək biz Avropa Parlamenti ilə əməkdaşlığın yeni konsepsiyasını hazırlayaq: “Bu gün toplaşmağımız bu baxımdan da əhəmiyyətlidir. İlk dövrdən Avronest Parlament Assambleyasının niyyəti bizə şübhə gəlirdi. Bu qurum yarananda biz təklif edirdik ki, münaqişəli zonalar məsələsini salaq, ancaq dedilər ki, yox, biz mədəniyyət və başqa istiqamətdə əməkdaşlıq edəcəyik. Amma sonradan Ukrayna problemi ilə bağlı məsələni gündəmə saldılar. İndi Azərbaycanı korrupsiyada ittiham edirlər. Bizim hüquq mühafizə orqanları həbs edilən şəxlərlə beynəlxalq donorlar arasında əlaqələri bir qədər də araşdırsalar bəlli olar ki, son zamanlar qətnamə qəbul edən, danışan Avropalı deputatlar da bu prosesdə var, onlar da ifşa olunur. Bizim üçün Azərbaycan xalqının fikirləri, seçkilərdə mövqeyi vacibdir. Hesab edirəm ki, bundan sonrada Azərbaycanda Heydər Əliyev siyasəti davam edəcək”.

***

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov qeyd edib ki, Avropa Parlamenti Avropa dövlətləri demək deyil: “Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var. Mən hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır” Deputatın çıxışına spiker Oqtay Əsəov reaksiya verib. “Biz demirik ki, Avropayla əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər”.

Günel Türksoy