Asim Mollazadə Avropada erməniləri susdurdu

asim-mollazade-avropada-ermenileri-susdurdu
Oxunma sayı: 663

Avropa erməniləri Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı müzakirələr gündəmə gəldikdə, bundan yayınmaq üçün ənənəvi metoda əl atırlar. Bu da guya Naxçıvandakı erməni abilərinin azərbaycanlılar tərəfindən dağıdılması haqqındadır. “Qafqazinfo”nun məlumatına görə, bu günlərdə Varşavada keçirilən beynəlxalq forumda Avropa daşnaklarının nümayəndələri Azərbaycan haqqında pozitiv fikirlərin səslənməsindən narahat olaraq ortaya Naxçıvanla bağlı iddiaları atıblar. Buna səbəb isə Azərbaycanlı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin ölkəmizin enerji perspektivləri və Avropanın mədəni dəyərlərinə, sivilizasiyaların dialoquna verə biləcəyi töhfələr haqqında fikirləri olub.

Millət vəkilinin verdiyi açıqlamaya görə, onun Polşada qatıldığı iki tədbirdən biri Avropa və Polşanın enerji strategiyası ilə bağlı olub. Burada Avropa üçün böyük əhəmiyyət kəsb edən qaza dair müzakirələr aparılıb. Tədbirdə millət vəkili Avropanın qaz və enerji strategiyasında Azərbaycanın rolu ilə bağlı məruzə edib. O bildirib ki, Azərbaycan təkcə ənənəvi neft ölkəsi deyil. Bu ölkə artıq həmçinin beynəlxalq enerji təhlükəsizliyi sisteminə qaz enerjisi ilə daxil olub. Azərbaycanın qaz potensialı barədə iştirakçıları məlumatlandıran millət vəkili Avropanın enerji təhlükəsizliyi sistemində strateji əməkdaşlıqla bağlı ölkəmizin iştirak etdiyi layihələrə toxunub. Bu məlumatlar iştirakçılar tərəfindən ciddi maraqla qarşılanıb. Konfransda Rusiyadan olan nümayəndələr də iştirak edib. “Qazprom”un nümayəndələri Rusiyanın qaz strategiyası barədə məlumat verməklə yanaşı, Azərbaycanın bu sahədəki önəminə də diqqət yönəldiblər.
Asim Mollazadənini Polşada qatıldığı ikinci tədbir isə 6-cı Avropa Birliyi Rusiya Forumu olub. Bu tədbirdə DİP sədri «Avropa dəyərləri Avropa-Rusiya münasibətlərinin ümumi dəyərlər müstəvisində» mövzusunda məruzə edib. Deputat bu məruzəsində Avropa və Rusiyanın mövcud dəyərlərindən, Azərbaycanın sivilizasiyalararası əməkdaşlıq sahəsindəki təcrübəsindən danışıb. O, ölkəmizin İslam və Türk dünyasındakı mövqeyindən, başqa dinlər və mədəniyyətlərə tolerantlıqla yanaşmasından bəhs edib. Həmçinin deyib ki, ermənilərlə olan münaqişə bölgənin mədəni inkişafına, Avropa dəyərlərinin bərqərar olmasına, ölkəmizin demokratik sistemə qovuşmasına böyük maneə yaradır. A.Mollazadənin fikirləri avropalı və rusiyalı iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb. Onlar da öz növbələrində ölkəmizlə bağlı müsbət fikirlər ifadə ediblər.
Deputatın sözlərinə görə, həm Avropa, həm də rusiyalı nümayəndələr Azərbaycanın Avropaya verə biləcəyi mədəni töhfələrdən danışıblar. Xalqımızın İslam və Türk dünyasında dünyəvi dəyərləri bölüşən birinci xalq olduğunu öz çıxışlarında xüsusi olaraq vurğulayıblar. Bundan qıcıqlanan Avropa daşnaklarının nümayəndəsi çıxış üçün söz istəyərək Naxçıvanda erməni abidələrinin dağıdıldığını iddia edib.
Asim Mollazadə isə bu məlumatın yalan olduğunu vurğulamaqla yanaşı xatırladıb ki, bu yaxınlarda Şuşada və Azərbaycanın işğal olunmuş digər bölgələrində olub. Orada Azərbaycan məscidinin, minlərlə mədəni abidənin vəhşicəsinə dağıdıldığını öz gözləri ilə görüb. Eyni zamanda Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə məxsus abidələrin də məhv edildiyinə şahid olub. Millət vəkili ermənilərin bu vəhşiliklərinə baxmayaraq, Bakıda erməni kilsəsinin təmir edildiyini, erməni kitabxanalarının Avropa standartları çərçivəsində qorunub saxlandığını, bunu Bakıya səfər etmiş Ermənistan parlamenti və ictimaiyyətinin nümayəndələrinin öz gözlərilə gördüklərini bildirib. «Mən qeyd etdim ki, Azərbaycanın erməni vəhşiliyinə qarşı erməni mədəni abidələrinə hörmətlə yanaşması bizim Avropa dəyərlərinə arxalanmağımızla bağlıdır. Bu fikirlər məmnuniyyətlə auditoriyada qəbul olundu. Erməni yalanlarına qarşı hətta zaldan ciddi əks reaksiyalar oldu. Hər kəs Avropa daşnaklarının nümayəndəsinin Naxçıvanda alban məbədlərinin dağıdılması ilə bağlı dediklərinin yalan olduğunu anladı» - deyən Asim Mollazadənin sözünə görə, həmin tədbirə Avropa və Rusiyanın yüksək səviyyəli nümayəndələri qatılıb. Burada Şərqi Avropa parlamentlərinin spikerləri, bir sıra Avropa ölkələrinin parlament spikerlərinin müavinləri, komitə rəhbərləri, xarici işlər komitələrinin sədrləri, Avropa Parlamentinin nümayəndələri, Rusiyanın bir sıra nüfuzlu elmi mərkəzlərinin rəhbərləri iştirak ediblər. Ölkəmizin Rusiya və Avropanın qonşusu olaraq bu regiondakı pozitiv roluna diqqət çəkən iştirakçıların əksəriyyəti Azərbaycanın tərəfindən çıxış ediblər və tədbirdə fikir çaşqınlığı yaratmaq istəyən erməniyə qarşı sərt reaksiya göstəriblər. «Ermənilər hər zaman yalan və iftiralarla beynəlxalq təşbirlərdə çıxış etməyə öyrəşiblər. Biz isə öz növbəmizdə ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri əməlləri ifşa etməyə çalışırıq. Azərbaycanın Mədəniyyət Nazirliyi başda olmaqla bir sıra təşkilatların bununla bağlı hazırladıqları bukletləri həmin tədbirlərin iştirakçılarına təqdim edirik. Avropanın ciddi qurumlarında erməniləri ifşa etmək üçün əsaslı məlumatları yayırıq. Bunun da müsbət nəticələri var. Artıq Avropa ictimaiyyəti erməni tərəfinin yaydığı yalanların nədən ibarət olduğunu anlayır» - deyə Asim Mollazadə əlavə edib.

Onun fikrincə, Avropa ictimaiyyəti artıq istər enerji baxımından, istərsə də mədəniyyət baxımından Azərbaycanın bu məkana daha çox fayda verə biləcəyini dərk edir.