ANS-in lisenziyasına xitam verildi - Məhkəmə qərarı

ans-in-lisenziyasina-xitam-verildi
Oxunma sayı: 29842

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq.

Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclasına hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

***

Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesi başlayıb. Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. MTRŞ-nin nümayəndəsi Toğrul Məmmədov bildirib ki, 2016-cı ilin iyulun 15 -də Türkiyədə dövlət çevrilişi ilə bağlı dəhşətli cinayət baş verib. ANS bu cinayəti hakimiyyətin şousu kimi qiymətləndirib. Terrorçuların bəyanatı efirdən dəfələrlə səsləndirilib. Terrorçu Fətullah Güləndən Vaşinqton bürosunun rəhbəri müsahibə alıb və həmin müsahibənin axşam efirində veriləcəyi anons edilib. Bundan əlavə ANS-ə il ərzində 4 dəfə sanksiya tətbiq olunub. Göstərilənləri nəzərə alaraq 25 oktyabr 2013-cü ildə ANS verilmiş lisenziyaya xitam verilməsini xahiş edirik.

Prosesdə çıxış edən ANS hüquqi nümayəndəsi Sevda Məhərrəmova isə qeyd edib ki, 2016-cı ilin iyun ayında Lisenziyalar haqqında qanuna edilmiş dəyişikliyə əsasən lisenziyanı verən və alan orqan İqtisadiyyat Nazirliyidir. MTRŞ-nin belə bir xitam verməklə bağlı iddia qaldırmaq hüquqi yoxdur. MTRŞ sadəcə nəzarətedici orqandır. MTRŞ müvafiq nazirliyə müraciət edə və həmin nazirlik tərəfindən iddia qaldırıla bilərdi.  Bundan əlavə, prokurorluqda hazırda cinayət əməlinin olub olmaması ilə bağlı məsələ araşdırılır. Prokurorluğun yekun qərarı olmadan da iddia ilə bağlə məsələ qaldırıla bilməz. Üstəgəl sizə təqdim olunan disklər bizə nümayiş etdirilməlidir və iddiaçı tərəf izah etməlidir ki, harada terror təbliğ olunub.

***

Məhkəmə ANS-lə bağlı qərar verib. Qərara alınıb ki, MTRŞ-nın ANS-in lisenziyasının ləğv olunması ilə bağlı verdiyi iddia təmin olunsun. Beləliklə, telekanalın lisenziyasına xitam verilib.

ANS tərəfi isə qərara etiraz olaraq Ali Məhkəməyə müraciət edəcəklərini bəyan edib.

Günel Türksoy