AKP niyə çalxalanır? - Ərdoğanın kölgəsi + Şərh

akp-niye-calxalanir-
Oxunma sayı: 3631

Siyasi şərhçi Elxan Şahinoğlu Türkiyənin baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən getməsini şərh edib.

E. Şahinoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ədalət və İnkişaf Partiyasında bu halın baş verəcəyi gözlənilən idi: “Çünki Rəcəb Tayyib Ərdoğan partiyasının tək hakimidir. Əhməd Davudoğlunun da baş nazir seçilməsi Ərdoğanın istəyi ilə baş tutmuşdu. Ərdoğan kimi istəsəydi, həm partiyanın sədri, həm də baş nazir seçdirə bilərdi. O partiyanın lideridir, reytinqi yüksəkdir, prezident kimi səlahiyyətləri buna çatır. Görünür, Davudoğlu ilə Ərdoğan arasında fikir ayrılıqları yaranıb. Həm də Davudoğlu istəmir ki, son dərəcə nəzarət altında olsun. Çünki təlimatları deyilənə görə, Ərdoğanın istəyi ilə həyata keçirir. Bu da Davudoğlunun manevr imkanlarını daraldır. O da bu cür mövqeylə razılaşmayıb”.

E.Şahinoğlu Əhməd Davudoğlunun baş nazir olduğu dönəmdə onun daxili və xarici siyasətdə uğur qazandığını düşünmür: “Hətta onun “qonşularla sıfır problem” konsepsiyası da işə yaramadı. Onun baş nazir olduğu dövrdə Rusiya ilə münasibətlər pozuldu, Suriya ilə münasibətlər kəskinləşdi. Düzdür, bunun obyektiv səbəbləri də var idi. Davudoğlu həm də akademik çalışmalara qayıtmaq istəyir. Siyasətdə nəzəri biliklərə sahib olmaq yüksək səviyyəli siyasətçi olmaq demək deyil. Siyastəçinin xarizması, inandırıcılıq qabiliyyəti olmalıdır. O da sonunda pozisiyasından yoruldu”.

Onun sözlərinə görə, hazırda əsas məsələ Ərdoğanın kimi partiya sədri və baş nazir seçəcəyidir: “Bir neçə namizədin adı çəkilir. Amma problem yenə də qalacaq. Kim bu postlara seçilərsə, həmin adam da Ərdoğanın nəzarəti və kölgəsi altında olacaq. Çox da özünü müstəqil hiss edə bilməyəcək.

Bundan əlavə, Türkiyədə konstitusiyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Əgər bu proses parlamentdə baş verməsə, bunu referenduma çıxaracaqlar. Referendum yolu ilə cumhurbaşqanının səlahiyyətləri artırılacaq. Baş nazir postu arxa plana keçəcək. Əslində, Davudoğlu bunun əleyhinə deyildi. Sadəcə, indiki vəziyyətdə Ərdoğanın onun işlərinə qarışmasını istəmirdi”.

Günel Türksoy