ABŞ və Demokratiya Mifi

abs-ve-demokratiya-mifi
Oxunma sayı: 943

Nadir Qocabəyli

III YAZI

Əvvəli ötən sayda

Namizədlərin ələkdən keçirilməsi və onlara nəzarət olunması partiyadaxili seçkilərdən başqa, maliyyə mənbələri vasitəsilə də həyata keçirilir: yəni görək, kimin hesabına daha çox pul köçürüləcək. Namizədlərin fondlarına guya sıravi amerikalılardan “yüz dollarlıq” ianələr qəbul etməsiylə bağlı geniş yayılmış daha bir mifə baxmayaraq, seçkiqabağı maliyyənin əsas hissəsini iri korporasiyalar təmin edir. Onlar isə plutokratik elita ilə yaxından bağlıdırlar, yəni mahiyyət etibarilə onun əlavəsidirlər.

Dolayısı ilə, ABŞ siyasi sisteminin fundamental özəlliyi ondan ibarətdir ki, prezident heç bir halda müstəqil fiqur olmamalı, elitanın razılığını almadan xalqa birbaşa “çıxa” bilməməlidir. Bunun üçün prezidentin birbaşa seçilməməsindən tutmuş, namizədlərin seçilməsindəki qəsdən mürəkkəbləşdirilmiş qaydalara qədər hər şey edilir. Bu qaydaların kiminsə istinad edə biləcəyi ənənəyə heç bir dəxli yoxdur. Əvvəla, amerikan həyat tərzi ənənələri sakral bir şey kimi tanımır, eyni zamanda, praqmatik siyasətdə heç kəs içərisində gizli məqamlar olmayan arxaik prosedurları saxlamaz. İkincisi, bu qaydalar özü belə tez-tez dəyişdirilir, bu isə, təbii ki, ənənə üçün xarakterik deyil.

“Amerika demokratiyasının” daha bir özəlliyi bu ölkədə heç vaxt ümumxalq referendumlarının keçirilməməsidir. Hər halda, son on illər ərzində belə bir şey olmayıb. Bu nə deməkdir? Referendum öz-özlüyündə birbaşa demokratiya nümunəsi sayılır. Onu saxtalaşdırmaq və nəticələrini dəyişmək çox çətindir. Bunu etmək üçün gərək bütün xalqı aldadasan. Bununla belə, ayrı-ayrı ştatlarda tez-tez keçirilən referendumlara əsas etibarilə yerli xarakterli müxtəlif məsələlər çıxarılır.

Ayrı-ayrı ştatlarda referendumlar keçirildiyi halda, ölkə miqyasında belə bir tədbirə təsadüf olunmaması ABŞ demokratiyasının real mexanizmini açmaq üçün ciddi ipucu verir. Əlbəttə, ABŞ-ın federativ dövlət olması və ştatların yetərincə böyük hüquqlarının varlığı ilə bağlı “rəsmi” açıqlama ilə qane olmaq mümkündür. Ayrı-ayrı ştatlarda keçirilən referendumlarda qəbul edilən qərarlar əhalinin real həyatında öz əksini tapır. Lakin eyni zamanda, amerikalılar bir xalq kimi faktiki olaraq ölkənin bütün ərazisində öz iradələrini gerçəkləşdirəcək suveren hüquqlardan məhrumdurlar. Ştatlarda qəbul olunmuş qərarlar isə, əhalinin elit təbəqəsinə edilmiş müvəqqəti güzəştdir. Bu qərarlar çox zaman Ali məhkəməyə şikayət və yaxud təkrar referendumlar kimi mürəkkəb prosedurlar vasitəsilə ya məhdudlaşdırılır, ya da təsirsiz hala salınır. Məsələn, homoseksual azlığın ölkədə başlıca dayağı olan Kaliforniya ştatında son bir neçə ildə eynicinsli nikahlara icazə verən qanunun ləğv olunmasını tələb edən iki referendum keçirilib. Hər iki referendumda bu cür “nikahların” ləğv olunması tərəfdarları qalib gəlsələr də, homoseksualların güclü lobbiləri birinci referendumun nəticələrinin ləğvinə nail olublar və bunu ikinciylə bağlı da etmək niyyətindədirlər.

ABŞ siyasi sisteminin ikinci fundamental özəlliyi də ideal təşkil olunmuş “köp alma” mexanizmidir. Bu mexanizmin sayəsində 1-ci yazıda qeyd etdiyim paradoks yaranır: bir tərəfdən demokratiya guya, tam gücüylə fəaliyyətdədir, əslində isə idarəedici elita bütün rıçaqları əlində bərk-bərk saxlayır, bütün strateji qərarları özü bildiyi kimi qəbul edir. “Köp alınması” prosesi xalqın yerli və regional səviyyəli müxtəlif çoxsaylı siyasi mexanizmlərə cəlb olunması yoluyla baş verir və nəticədə xalqda öz suverenliyi və ölkəsinin sahibi olduğu ilə bağlı, demək olar ki, tam illüziya yaradılır. Əslində isə, formal demokratik prosedurlarda iştirak belə, həmin elita tərəfindən onun üçün mühüm məsələlərdə məharətlə manipulyasiya edilir. Bu manipulyasiya üçün sınaqdan çıxmış mexanizmlər mövcuddur: mass-media, maliyyə qaynaqları, siyasi korrupsiya.

Amerika demokratiyasının miflərindən biri də mətbuat azadlığıdır. Mass-media ABŞ-da “dualist” sistem çərçivəsində, iki əsas partiyanın “qarşıdurması” kontekstində azaddır. Bu isə elə həmin elitanın tam hökmranlığına xidmət edir. ABŞ-da heç vaxt bu sistemdən kənara çıxan nüfuzlu qəzet və ya televiziya olmayıb və indi də yoxdur.

(ardı var...)