“ABŞ-la münasibətlər möhkəm əsaslar üzərində qurulub” - Asim Mollazadə

abs-la-munasibetler-mohkem-esaslar-uzerinde-qurulub
Oxunma sayı: 1023

ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri olan San Dieqoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.

Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner (Sherri Lightner) San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. 

Sözügedən tədbirdə çıxış edən Asim Mollazadə Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğunu qeyd edib.