“ABŞ-ın son 8 ildə apardığı siyasət bizi məyus edib” - Elin Süleymanov

abs-in-son-8-ilde-apardigi-siyaset-bizi-meyus-edib
Oxunma sayı: 1684

Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbirdə natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış ediblər. Konfransa Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər qatılıb.

Səfir E.Süleymanov çıxışında Azərbaycan ilə ABŞ arasındakı mövcud münasibətlərin tarixindən danışıb, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırladıb. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.

Konfransın sual-cavab hissəsində natiqlər iştirakçıların çoxsaylı suallarına cavab verib və xarici siyasi məsələlərə dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, 1960-cı ildə yaradılmış Amerika Xarici Siyasi Xidməti Assosiasiyası ən nüfuzlu qeyri-hökumət təşkilatlarından biridir və əsas vəzifəsi ABŞ diplomatik icmasına dəstək verməkdir.