“7 yaşında uşaq hadisələrə siyasi qiymət verir” - Millət vəkili

7-yasinda-usaq-hadiselere-siyasi-qiymet-verir-
Oxunma sayı: 3231

"Nardaranda baş verən hadisələr kifayət qədər ciddi olaylardır" 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Əflatun Amaşov Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hamıya da bəllidir ki, həmin olayları törədənlər nə istəyirlər. O, bildirib ki, din pərdəsi altında bir qrup Azərbaycanın konstitusion quruluşunu devirmək və özlərinə məxsus teokratik bir quruluş-dini dövlət bərqərar emək istəyir: "Azərbaycan Konstitusiyası, o cümlədən, ölkənin ayrı-ayrı qanunvericilik aktları ilə də bu sayaq hadisələri törədənlər ciddi şəkildə cəzalandırıla bilər. Mən belə düşünürəm ki, ərazi bütövlüyü, dövlət çevrilişi ilə bağlı olan cəhdlər qanunun bütün sərt üzü ilə özünün cəzasını almalıdır. Qanunda hansı ağırlaşdırılmış cəzalar varsa, həmin qaydalar tətbiq olunmalıdır. Çünki heç bir halda konstitusion quruluşu devirmək, dəyişmək olmaz. Burada ikinci narahatedici məqam isə müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu baxımdan da, məsələyə ciddi yanaşmaq lazımdır. Eyni zamanda hazırki missiya hüquq-mühafizə orqanlarının üzərinə düşür. Hüquq-mühafizə orqanları, daxili qoşunlar da öz missiyalarını layqincə yerinə yetirirlər"-deyə, Ə. Amaşov sonra bildirib.

Millət vəkili eyni zamanda sözlərinə əlavə edib ki, burada sadəcə, ictimaiyyətin yetərli təpkisi çatışmır: "Ziyalıların təpkisi eşidilımir. Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq bütün insanlar-hanslar ki, öz ölkələrini sevirlər, öz ölkələrinin gələcəyi üçün narahat olurlar, onlar bu kimi hadisələrə öz kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox önə çəkilməlidir.Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir. O, bildirir ki, din həmişə siyasi olub, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olascağıq. 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində çox ciddi islahatlar həyata keçirməliyik".

Ə. Amaşov Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediasının əksəriyyət etibarı ilə obyektiv, operativ və dövlətçi mövqe mümayiş etdirdiklərini də xüsusilə vurğulayıb.

Günel Türksoy