25-ci ildönümə həsr olunmuş anım tədbiri - Fotolar

25-ci-ildonume-hesr-olunmus-anim-tedbiri-
Oxunma sayı: 886

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Xocalı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verərək bildirib ki, həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınlar 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova öz çıxışında qeyd edib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.

Xocalıdan olan şəhid ailəsi Mehriban Əliyeva bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edib.

Rəsmi hissədən sonra tədbir Nərimanov rayonunda yerləşən 291 saylı orta məktəbin şagirdlərinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.