“2016-cı ildə bütün proqramlar icra olunacaq” - Prezident

2016-ci-ilde-butun-proqramlar-icra-olunacaq
Oxunma sayı: 4968

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

"Qafqazinfo" trend-ə istinadən xəbər verir ki, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Prezident xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə İlham Əliyev çıxış edib:

“Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac var idi. Bu, doğrudan da çox əlamətdar hadisədir və bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa Azərbaycanda biz bunu edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir”.

Prezident qeyd edib ki, ekologiya ilə bağlı Naxçıvanda problem yoxdur:

“Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi. Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir”.

Prezident deyib ki, bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir:

“Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda, uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi, yəni, bu, özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda, sosial məsələlər də öz həllini tapır. Səhiyyə, təhsil, idman - budur əsas sosial infrastruktur məsələləri. Eyni zamanda, Naxçıvanda infrastruktur məsələləri də demək olar ki, artıq həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilmişdir. Ordubad Su Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni, kompleks yanaşma bundan ibarətdir”.

Dövlət başçısı sənaye və iqtisadi inkişafdan da danışıb:

“Çox sevindirici haldır ki, Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıbdır. Əhalinin artımı əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Bildiyiniz kimi, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşübdür. Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılmışdır. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılmış, həm də xarici banklardan kreditlər götürülmüşdür. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir”.