Zakir Həsənov türkiyəli baş komandanla görüşdü - Foto

zakir-hesenov-turkiyeli-bas-komandanla-gorusdu
Oxunma sayı: 2034

Mayın 5-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.