Tərtərdə kütləvi zəhərlənmə - Erməni mərmisi dəyən ağacdan

terterde-kutlevi-zeherlenme-
Oxunma sayı: 3263

Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Qafqazinfo”nun APA TV-yə istinadən xəbərinə görə, rayon ərazisində məskunlaşan Ağdamdan olan məcburi köçkün ailəsinin 5 üzvü ermənilərin atdığı top mərmisi dəyən ağacın meyvəsindən yedikdən sonra zəhərlənib.

Ağdamın Şotlanlı kəndindən məcburi köçkün düşən Rza Bayramovun ailəsi Tərtər-Ağdam yolunun kənarında məskunlaşıb. Aprelin 28-də erməni hərbi birləşmələrinin ağır artilleriyadan atdığı top mərmilərindən 4-ü Rza Bayramovun həyətinə düşüb.

Zəhərlənmə hadisəsindən sonra Rza Bayramovun ağlına ilk gələn mərmilərin kimyəvi silah olması olub. Çünki mərmi yaralayan ağacların bir qismi quruyub, meyvələri isə çürüyür: "Aprelin 27-28-də mərmi güllələri mənim həyətimə düşüb, ağacların arasına. O düşən mərmi partlayaraq bütün ağacları zədələyib. Neçə ildir bu ağaclar əkilib, hər il də bunların meyvəsindən yemişik. Bu il amma mərmi düşüb, düşəndən sonra meyvə yetişib, uşaq-böyük yeyib, 5 ailə üzvümüz zəhərlənib. Mənə elə gəlir ki, kimyəvi maddə var bunun tərkibində. Baxanda da bilinir ki, bunun üstündə olan meyvələr nə gündədir. Hamısı çürüyüb tökülüb, məhv olub gedir. Yəni gilasdan başqa meyvələr də var ki, onlar da hamısı çürüyüb tökülür, məhv olur".

Gilasdan yeyən ailə üzvlərindən 6 nəfərin səhhətində problem yaransa da, biri çox yüngül olduğundan, xəstəxanaya müraciət etməyib. Qalan 5 nəfər isə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızının həyatını həkimlər xilas edə bilib.

Qeyd edək ki, hələ də Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələrində belə hadisələrə rast gəlmək olur. Top düşən çalaların axtarışları davam edir. Ötən günlərdə Tərtərin Əskipara kəndinin əkin sahəsindən dünyada istifadəsi qadağan olunan 122 mm-lik ağ fosforlu kimyəvi top mərmisi aşkarlanıb. Ermənistan bununla bəşəri cinayətə yol vermiş olub.