Separatçı rejimi qorxuya düşüb

separatci-rejimi-qorxuya-dusub
Oxunma sayı: 3684

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun bütün cəbhəboyu düşmənin atəş nöqtələrinə cavab zərbələri endirməklə bağlı verdiyi əmr işğalçını qorxuya salıb.

"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, separatçıların lideri, özünü “DQR-in prezidenti” adlandıran Bako Saakyan bir az əvvəl Dağlıq Qarabağda yayınlanan televiziya ilə çıxışında həm Azərbaycanı qorxutmağa çalışıb, həm də qorxduqlarını dolayısı ilə etiraf edərək hay-küy salıb. O, təşviş içərisində olan yerli əhalini və hərbçiləri sakitləşdirməyə cəhd edib. Qarabağ separatçılarının lideri ötən gecə erməni ordusunun azərbaycanlı mülki əhalini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlərin həlak olması və yaralanması faktlarının üstündən keçərək Azərbaycan ordusunu guya uşaqları, məktəbliləri, qadınları, “90 yaşlı qocaları” hədəfə almaqda suçlayıb.

B.Saakyan ardınca Xankəndinə zərbələr endirilə biləcəyi barədə Azərbaycan tərəfin xəbərdarlığına da reaksiya verib. İddia edib ki, “Dağlıq Qarabağ ordusu” Xankəndinin bombalanmasına cavab verməyə hazırdır. Separatçıların başçısı həyasızlığını davam edərək deyib ki, qarşı tərəfin hərəkətlərinə adekvat reaksiya verəcəklər. Saakyanın iddiasına görə, son hadisələri nəzərə alaraq döyüş bölgəsinə zenit-raket sistemlərinin, reaktiv qurğuların, uzaq radiuslu raket sistemlərinin yerləşdirilməsi barədə əmr verib. Ardınca iddia edib ki, əgər Azərbaycan irəliyə doğru bir addım atarsa, onun “ordusu” dərhal cavab atəşi açacaq.

Qeyd edək ki, son günlər Ermənistanın cəbhə xəttinə əlavə hərbi qüvvələr və canlı qüvvə daşıdığı, hətta Suriya və Livandan da erməni muzdlularının işğal zonasında yerləşdirildiyi barədə xəbərlər yayılır. Bəzi mənbələr düşmənin əks-həmlə üçün fürsət gəzdiyini bildirir. Qarabağ separatçısı öz aləmində Azərbaycanı günahlandırmaqla əslində Ermənistanın hərbi sirrini açıb.

Azərbaycan ordusu isə düşmənin hərəkətlərini tam nəzarət altında saxladığını bəyan edib. “Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”-Müdafiə Nazirliyinin rəsmisi bəyan edib.