Saakaşvili istefa verdi - Poroşenkoya sərt ittihamlar+Video

saakasvili-istefa-verdi-
Oxunma sayı: 8010

Gürcüstanın eks-prezidenti, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili istefa verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qubernator postundan istefasını Saakaşvili özü bəyan edib:

“Mən istefa vermək və mübarizənin yeni mərhələsinə başlamaq istəyirəm. Əllərim boş qalmayacaq. Yorulmayacam. Qoy, onlar məndən xilas olduqlarına ümid etməsinlər. Mən bacardığı qədər gedən, daha sonra nə qədər lazımdırsa yenə də davam edən əsgərəm. Tam qələbə, Ukraynanı bu zibildən, korrupsiya çirkindən xilas üçün nə qədər lazımdırsa...”

Postundan imtina edən Saakaşvili Ukrayna prezidentinin ünvanına sərt  ittihamlar səsləndirib. O, Petro Poroşenkonu regionda cinayətkar “klan”ları himayə etməkdə günahlandırıb:

“Poroşenko ya Yanukoviç? Xalq üçün nə fərqi var ki, onları kim talan edəcək? Prezident Poroşenko deyirdi ki, ona Yatsenyuk (eks-baş nazir-red.) mane olurdu. Biz “Təmizlik naminə” hərəkatını yaratdıq və Yaçenyukdan xilas olmaq üçün ona yardım etdik. Lakin prezident özü şəxsən Odessa vilayətində iki korrupsioner və kriminal klanı dəstəkləyir”.

Qubernatorun köməkçisi Darina Çij bildirib ki, prezident istefası ilə bağlı ərizəni imzalayana kimi Saakaşvili vəzifəsində qalacaq və Odessanı tərk etməyi hələ ki, planlaşdırmır.

Şəxsi partiyasını yaratmağa hazırlaşıb-hazırlaşmadığına gəlincə, köməkçisi bu sualın Saakaşviliyə ünvalanmalı olduğunu deyib.