Qarabağda nə baş verir? - “Atəşkəsin pozulması siyasi qərardır”

qarabagda-ne-bas-verir
Oxunma sayı: 5147

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cəbhədə vəziyyətin gərginləşməsindən danışıb.

Millət vəkili “Qafqazinfo” ya açıqlamasında bildirib ki, cəbhədə vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var: “Ermənistanda müdafiə nazirinin dəyişməsi fonunda yeni nazir bütün cəbhəboyu prosesi öz nəzarətinə götürdüyünə diqqət çəkmək, Qarabağ xəbərləri fonunda öz mövqeyini gücləndirməyə nail olmaq istəyir.

Yəni, atəşkəsin pozulması Silahlı Qüvvələrdəki dəyişikliklərlə birbaşa bağlıdır, siyasi qərardır.

İkincisi, Qarabağ prosesinə zərbə vurmaq üçündür. Faktiki olaraq burada Ermənistanın gələcək hakimiyyət məsələsi həll olunmaqdadır. Rusiyanın mövqelərinə qarşı çıxanlar ciddi şəkildə təşkilatlanırlar. Onlar hesab edirlər ki, son 100 ildə kölə olublar və dövləti bu köləlikdən azad etməlidirlər. Özlərinə Qərbdən dəstək qazanmaq istəyənlərin də atəşkəsin pozulmasında rolu olmamış deyil”.


Z. Orucun sözlərinə görə, 3 rayonun qaytarılması məsələsi son dövrün müzakirə predmetinə çevrilmişdi: “Bunu xüsusilə də Rusiya ilə İran arasında məlum Şimal-Cənub layihələrinin həyata keçirilməsi ilə əlaqələndirənlər çox idi. Bu dəfə Sarkisyan hökumətin dəyişdirilməsi ilə vəziyyətdən çıxmağa çalışdı. Rusiya münaqişə tarixində ilk dəfə olaraq Ermənistan hakimiyyətinə ciddi təzyiqlər göstərdi. Bu fonda müəyyən silah kütləsi də Qarabağa gətirildi. Balansı qorumağa çalışırdılar.

Ancaq Azərbaycan son illər ərzində elə silahlar alıb ki, bütün cəbhəboyu situasiya yenidən dəyişsə, məlum erməni silahlarının hərəkətə keçilməsinə icazə verilməyəcək. Müdafiə nazirimiz mütəmadi olaraq cəbhə xəttindədir. Modern silah texnikalarının və kəşfiyyat sistemlərinin hamısı Qarabağda cəmləşib”.

Günel Türksoy