Məmmədyarov gürcü həmkarı ilə görüşüb

memmedyarov-gurcu-hemkari-ile-gorusub
Oxunma sayı: 633

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, nazirlər Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz arasında əməkdaşlığın inkişafında xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin danılmaz rolunu qeyd ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə gürcüstanlı həmkarına məlumat verib və qeyd edib ki, Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Nazir bildiib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. 

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın iri-miqyaslı və qarşılıqlı faydalı layihələrin və proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.