İƏT Əmək Mərkəzi yaradılır - Qərargahı Bakıda olacaq

iet-emek-merkezi-yaradilir
Oxunma sayı: 1076

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xarici İşlər Nazirliyi mətbuata birgə açıqlamasında qeyd olunub.

Bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində prezident İlham Əliyev tərəfindən irəli sürülüb.

Həmin tədbirdə dövlət başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.

Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.