Gəncədə “Xocalı” abidəsinin açılışı olub

gencede-xocali-abidesinin-acilisi-olub
Oxunma sayı: 3671

Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan və digər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, anım mərasimində icra başçısı Elmar Vəliyev çıxışında bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Çıxışlardan sonra Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdırilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səhnə əsərində Xocalıda bir toyda insanların arzu muradının necə yarım qalması, silahsız, günahsiz insanların başına gətirilən müsibətlər Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən göstərilib.

Qeyd edək ki, Xocalı sakinləri üçün salınan qəsəbədə hazırda 2 min 250 nəfər məskunlaşıb. Onlardan 1061 nəfəri yəni 281 ailə Xocalı sakinləridir. Digərləri isə Laşın, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərdir.