Ev qalmaqalına görə keçmiş hərbçi həbs olundu

ev-qalmaqalina-gore-kecmis-herbci-hebs-olundu
Oxunma sayı: 1551

Keçmiş hərbçi Qasid Rzayevin vəkili Emil Bədəlov müvəkkilinin 7 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, 2010- cu ildə Hərbi Dəniz Komandanlığı tərəfindən bir neçə hərbçiyə dövlət tərəfindən Bayraq Meydanı yaxınlığında Bayıl qəsəbəsində ev verilib: “Sonradan dövlət həmin evlərin sökülməsinə qərar verdi və ailələrə kompensasiya ayrıldı. Bu zaman iki nəfər dələduz ortaya çıxdı. Onlar da dedilər ki, hərbçilər order əsasında kompensasiya ala bilərlər. Bunun üçün də 6000 manat ödənilməlidir. Müvəkkilim də bir neçə şəxslə bərabər 6000 manatı order üçün həmin şəxslərə ödədi və kompensasiya aldılar.

Sonradan Hərbi Prokurorluq orderlərin saxta olması haqqında ittiham aktı qaldırdı. Ödənilən kompensasiyaların geri qaytarılmasını tələb etdi. Bu da 76 min 950 manat pul edir. Müvəkkilim isə pulu qaytarmadı. Çünki həmin pula ailəsi üçün ev alıb.

2009- cu ildə Mənzil Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən orderlər məsələsi ləğv olunub. Bu orderi satan adamlar da bilirdilər ki, onsuz da həmin ailələrə bütün hallarda kompensasiya ödəniləcək. Ona görə də fürsətdən istifadə edib bir neçə nəfəri aldadaraq 6000 manatı mənimsəyiblər. Yəni müvəkkilim bu işlə bağlı həm də zərərçəkmiş qismindədir.

Bütün hallarda ev sökülürsə onsuz da dövlət tərəfindən kompensasiya ödənilir. Qasid Rzayevə dələduzluq ittihamı qoyulub. Əgər o dələduz, dövləti aldatmış olsaydı, özünə ev almazdı. İndi də zərərçəkmiş ola-ola 7 il müddətinə azadlıqdan məhrum edildi”.

Günel Türksoy