“Ermənistanı atəşkəsə riayət etməyə dəvət edirik” - Türkiyə XİN

ermenistani-ateskese-riayet-etmeye-devet-edirik
Oxunma sayı: 2169

“Fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumu qınayırıq”.

Qafqazinfo”nun “Anadolu” agentliyinə istinasən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında bildirilir.

Açıqlamada şəhidlərə Allahdan rəhmət, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləndiyi qeyd olunub.

Ermənistan yarım əsrdir ki, Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində baş verən şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik”, - deyə XİN-dən bildirilib.

Məlumatda Türkiyənin daimi bir həll istiqamətindəki səyləri dəstəkləməyə davam edəcəyi də vurğulanır: “Dağlıq Qarabağ ixtilafının həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək”.

Açıqlamada həmçinin, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefon əlaqəsi saxlayaraq məlumat aldığı qeyd olunub.