“Ermənistana siyasi və hərbi təzyiqlər göstərilməlidir” - XİN

ermenistana-siyasi-ve-herbi-tezyiqler-gosterilmelidir
Oxunma sayı: 1497

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və cəbhədə Ermənistanın törətdiyi son təxribatlar barəsində TRT World (English) kanalına canlı müsahibə verib.

Qafqazinfo”nun məlumatına görə, müsahibədə XİN rəsmisi Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırım törətdiyini, bir gecənin içərisində 600 nəfərdən artıq insanın öldürüldüyünü bildirib.

Cəbhədəki son gərginliyə toxunan H.Hacıyev deyib ki, bu, Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır: “Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır. Gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur”.

H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli olduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.