Dilqəm Əsgərovun səhhətində problem yaranıb

dilqem-esgerovun-sehhetinde-problem-yaranib
Oxunma sayı: 1277

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin göndərdikləri məktublar ailələrinə verilib.

Qafqazinfo”nun məlumatına görə, Şahbaz Quliyevin bacısı İradə Quliyeva Ans press-ə açıqlamasında deyib ki, qardaşının məktubu ailəyə bu gün təqdim edilib. Məktubda Şahbaz Quliyev yaxşı olduğunu yazıb.

“Biz ona ailə şəkillərimizi göndərmişdik. Yazıb ki, şəkilləri alıb. Bizə can sağlığı arzulayır".

Dilqəm Əsgərovun isə səhhətində problemlər var. Qardaşı Sahib Əsgərov deyib ki, o, özü bu barədə məktubunda yazıb. “Məktubda yazır ki, başında və ayaqlarında ağrılar var. Amma müalicə almasından heç nə yazmır. Ona görə çox nigaranıq”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib. Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş mayın 23-də olub.

“BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək”.