“Cəbhədəki təxribat görünməmiş gərginliyə səbəb olub” - Nazir

cebhedeki-texribat-gorunmemis-gerginliye-sebeb-olub
Oxunma sayı: 4120

“Avropa İttifaqının qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən, mən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünü qeyd etməyə bilməzdim”.

Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə söyləyib. Nazir bildirib ki, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub.

Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir. Ermənistan münaqişənin həllində status-kvonu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”.