“Bununla Bakını məhv etmək qeyri-mümkündür” - Erməni politoloq

bununla-bakini-mehv-etmek-qeyri-mumkundur
Oxunma sayı: 8024

“Biz düşünməməliyik ki, bu raketlər xarici qüvvələr üçün, düşmən dövlət Azərbaycandan ötrü gözlənilməz olub. Ən azı Azərbaycan üçün rəhbərlik səviyyəsində bu, yenilik olmayıb. Onlar əmin idilər ki, Ermənistanda belə silah var. Başqa yandan, ”İsgəndər"lərin əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur".

Qafqazinfomusavat.com-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Ayk Martirosyan deyib. “Ermənistan nüvə silahı əldə eləməyib ki. Ermənistan əvvəlki Ermənistan olaraq qalır. Sadəcə, çox güclü raket sisteminə malik olub. Ancaq birincisi, bundan da vacibi odur ki, bu sistemin neçə raketi Ermənistanda ehtiyatdadır. İkincisi isə ”İsgəndər"in əhəmiyyəti uzağı vurmağındadır. Bu, bütöv bir şəhəri və ətraf rayonları məhv edən atom bombası deyil. Güclü silahdır, ancaq anlamaq lazımdır ki, bununla Bakını məhv etmək qeyri-mümkündür. Biz həmçinin başa düşməliyik ki, bu, bizim müharibə zamanı hər şeyi itirdikdən sonra istifadə edə biləcəyimiz son resursumuz olacaq - o da əgər Azərbaycanda həmin an eyni silahdan olmasa" - Martirosyan qeyd edib.

Onun qənaətincə, Azərbaycan İrəvanı vurmayınca Ermənistan Bakıya zərbə endirməyəcək: “Ermənistan Dağlıq Qarabağdan Bakıya zərbə endirə bilər. Amma İrəvan da Naxçıvan tərəfdən Azərbaycanın hədəfindədir. Azərbaycan həmçinin başqa sistemlərdən zərbələr endirə bilər ki, bu da ”İsgəndər" qədər dağıdıcı nəticələr törədəcək".

Erməni politoloq habelə əmindir ki, “İsgəndər”lər Azərbaycan toplumunda heç bir çəkindirici ovqat doğurmayıb: “Əlbəttə ki, yox. Dolayı yolla Suriyanın da ”İsgəndər"i var. Rusiya ona dəstək verir. Hətta dənizdən bu raketlərin atılması kimi gözəl bir şou da gördük. Amma bu, heç kimi dayandıra bilmədi. Suriyada müharibə davam edir. Odur ki, “İsgəndər”lərə ümid eləməyə, özünü aldatmaqla məşğul olmağa, demək ki, bu silahlar çəkindirici mexanizmə malikdir, dəyməz. Hətta atom silahımız olsa belə, heç nə dəyişmir. Çünki onu yüz faiz biz istifadə etməyəcəyik".

Bu xüsusda erməni ekspert Azərbaycanın hətta “İsgəndər”in zərbəsinə hazır olduğunu deyir. “Onlar artıq hesablayıblar ki, bu zərbələrdən nə qədər itki olacaq. Ona görə ki, Bakıdan ötrü tarixi vəzifə Ermənistanı və erməni amilini regiondan çıxarmaqdır. Bizdən ötrü isə əsas sağ qalmaqdır” - deyə o əlavə edib.