Azərbaycanda silah zavodunda partlayış - Video +Fotolar +Yenilənib

azerbaycanda-silah-zavodunda-partlayis
Oxunma sayı: 21535

Şirvan şəhərində “Araz” zavodunda partlayış olub. Bu barədə “Qafqazinfo”ya şəhər sakinləri məlumat verib.

Onlar bildirib ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

***

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.

***

“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya açıqlamasında Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səfərbər olunduğunu qeyd edib:

"Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilmiş və 3 həkim briqadası hazırda göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım təqdim edilir".

***

Sakinlərin sözlərinə görə, tez-tez zavoddan partlayış səsləri gəlir.

***

Şirvan şəhərindən seçilmiş millət vəkili Rafael Cəbrayılov zavodda baş verən yanğınla bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun təxminən 1-2 km kənarında yerləşən ləğvetmə sexində (utilizasiya) yanğın baş verib: “Yanğın nəticəsində xəsarət alanlar var. Onların sayı barədə bir qədər sonra məlumat veriləcək”.

***

Müdafiə Sənayesi Nazirliyi də yanğınla bağlı kiçik məlumat yayıb. Məlumatda qeyd olunur ki, 26 iyul 2016-cı il tarixində saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.