Azərbaycanda hərbi vəziyyətlə bağlı yeni tələblər olacaq

azerbaycanda-herbi-veziyyetle-bagli-yeni-telebler-olacaq
Oxunma sayı: 2450

“Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, layihə haqqında Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov məlumat verib. Z. Əsgərov bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır: “Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdam cənab prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncamı milli təhlükəsizlik maraqlarına xidmət edir”.

Vitse-spiker qeyd edib ki, qanun layihəsi tamamilə yenidən işlənib: “Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib. 1994-cü ildən bu günə qədər xeyli işlər görülüb. Zərurət yaranıb ki, artıq yeni qanun layihəsi qəbul edilsin. O dövrdə qəbul olunan qanun 17 maddən ibarətdir. Təqdim olunan qanun layihəsi əsas mahiyyəti budan ibarətdir: Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan və ləğv edilməsi, təmin edilməsi cəbhəboyu zonada, hərbi hissələrin yerləşdiyi ərazilərdə hərbi rejimin xüsusiyyətləri nəzərdə tutulub. Birinci fəsildə 20 müddəa var. Burada əsas anlayışlar, hərbi vəziyyətin elan olunması, onun uzadılması və ləğv edilməsi, məqsədləri barədə yazılıb. Həmçinin hərbi vəziyyətin elan oluması haqqında prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb”.

Ziyafət Əsgərov vurğulayıb ki, layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir: “Hərbi vəziyyətin elan olunması haqqında fərman 2 halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılıb qərar qəbul edilməsi göstərilib.

5 fəsil, 27 maddədən ibarət qanun layihəs Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir”.

Qeyd edək ki, qanun layihəsi I oxunuşda konseptual baxımından səsə qoyularaq qəbul edilib.

Günel Türksoy