Azərbaycan və Gürcüstan Koordinasiya Şurası yaratdı

azerbaycan-ve-gurcustan-koordinasiya-surasi-yaratdi
Oxunma sayı: 693

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Azərbaycan və Gürcüstanın münaqişələrlə məşğul olan təşkilatlarının Koordinasiya Şurası yaradılıb. “Qafqazinfo”nun məlumatına görə, Koordinasiya Şurasına Gürcüstan tərəfindən 12 Qeyri-Hökümət Təşkilatının daxil olduğu Koalisiya, Azərbaycan tərəfindən isə QAT və Deportasiya Qurbanları Mərkəzi daxil olub. Dünən Koordinasiya Şurasının (KŞ) ilk iclası keçirilib və qurumun fəaliyyət istiqamətləri və prinsipləri müəyyən edilib. KŞ üszvləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Cənubi Qafqaz regionunda yüzminlərlə insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanın və Rusiyanın işğalçı hərəkətləri insanlığa və bəşəriyyətə qarşı cinayət kimi pislənsin.
Rusiya və Ermənistanın işğalçı hərəkətəri regionun stabil və uğurlu inkişafı üçün ən böyük maneə hesab edilsin”.

Bəyanatda o da vurğulanır ki, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı referendumun keçirilməsi məqsədəuyğun hesab edilməsin, əgər belə bir refernduma razılıq verilərsə, onda Ermənistandan çıxarılmış 250 min nəfər azərbaycanlı üçün də referendum hüququ tanınsın.

Həmçinin qeyd olunur ki, qaçqın və məcburi köçkünlərin işğal olunmuş ərazilərdə qalmış əmlaklarına, o cümlədən dövlət tərəfindən verilmiş mənzillərinə hüquqları, bu hüququn nəslən keçməsi haqqı tanınsın. Münaqişələrə dair danışıqlarda qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququ əsas məsələlərdən biri kimi müzakirə olunsun.

Fatimə Kərimli