Ağcabədidə tank mərmisi aşkarlandı

agcabedide-tank-mermisi-askarlandi
Oxunma sayı: 631

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 26-da Ağcabədi rayonunun Minəxorlu kəndində əkin sahəsində partlayış yerinə baxış keçiriblər. Nəticədə bir ədəd partlamamış hərbi sursat – “9M22U” (Qrad) raketinin döyüş başlığı aşkar edilərək götürülüb. Ümumilikdə 3 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun ekspertləri, həmçinin rayonun Muğanlı kəndi ərazisində, Qar-Qar çayı sahilində bir ədəd partlamamış hərbi sursat – “BK14-M” 125 millimetrlik tank mərmisi aşkarlayıblar. Daşınması mümkün olmadığı üçün mərmi partlayış yolu ilə məhv edilib. Nəticədə 12 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, ANAMA tərəfindən aprelin 7-dən iyunun 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 26 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1551 partlamamış hərbi sursat, piyada əleyhinə 14 mina, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.