“25 ildir Qarabağ probleminin həll edilməməsini anlaya bilmirəm” - Ərdoğan

25-ildir-qarabag-probleminin-hell-edilmemesini-anlaya-bilmirem
Oxunma sayı: 4828

“Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram”.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra İƏT baş katibi İyad Madani ilə keçirdiyi müştərək mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

XIII zirvə konfransını İƏT-nin tarixində “dönüş nöqtəsi” kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb.

“Azərbaycanlı qardaşlarımızın torpağı uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq, 25 ildir ki, Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. Mən azərbaycanlı qardaşlarımızın Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm”, - deyə Türkiyə prezidenti qeyd edib.

“Bu məsələdə ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq”, - deyə Ərdoğan qeyd edib.