Rəsulzadənin heykəlinin yanına 10 minləri niyə aparmayıblar?

resulzadenin-heykelinin-yanina-10-minleri-niye-aparmayiblar
Oxunma sayı: 2305

Yanvarın 19-da “radikal müxalifət” kimi tanınan, “Milli Şura” adı altında cəmləşən kəsim “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşan bir aksiya keçirildi. "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, rəsmi statistikaya görə 2800, obyektiv müxalifətçilərin özünün sanamasına görə 5-6 min nəfər civarında adam toplayan “radikal müxalifət” bunu az qala “inqilab” kimi təqdim edirdi. 

Belə fikir formalaşdırılırdı ki, sanki xalq artıq ayaqlanıb, Əli Kərimliyə qoşulub. Sosial şəbəkədə Əli Kərimlininin fake profillərində “proses başladı!”, “xalq bizimlədir!” kimi pafoslar püskürülürdü. Lakin bu sevincəkliklərinin ömrü cəmi 10 gün çəkdi. 31 yanvarda – Məhəmməd Əmin Rəsulzadənin doğum günündə keçirdikləri kütləvi tədbir onların potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. 

10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Rəsulzadənin ildönümünündə “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən Milli Şura- AXCP və digər partiyalar onun abidəsinin yanına hərəsinə cəmi 200-300 adam yığa bildilər.

Jurnalistlərin müşahidəsinə, törəndən çəkilən foto və videolara əsasən, AXCP sədri Əli Kərimli və Milli Şura rəhbərliyi heykəlin yanına 150-200 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə cəmi 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. 

Bu faktın özü “radikal müxalifət”in nə dərəcədə acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir.

Ağzı dolusu “xalqın dəstəyi” barədə danışan “möhtəşəm və əvəzedilməz 30 illik liderlər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər. Bəs hanı onların 10 minləri?

Burada bir haşiyə çıxaq: bir daha təsdiqləndi ki, 19 yanvar mitinqinə 5 min nəfər civarında qatılan adamların heç də hamısı “radikal müxalifət”in bazası deyil. Onlar həbsxanada çətin durumda olan, sosial şəbəkələrdən insanların tanıdığı gənc bloger Mehman Hüseynovun çətin durumunda ona dəstək verən adamlardır. Bizim xalqın genetikasında çətinlikdə, xüsusi ilə türmədə olan adama dəstək durmaq kimi bir oturuşmuş, tarixi ənənə var. Bu, heç də siyasi məsələ deyil. Bizim müşahidələrimizə görə, 19 yanvar mitinqində iştirak edən bir qisim insanlarsa bank borcları olanlar, eyni zamanda tikinti sektorunda işlərin dayanması səbəbindən işsiz qalanlar, haqlarını arayan şəhid ailələri olublar. 

Əgər həmin adamlar Əli Kərimlinin sosial bazası olmuş olsaydılar, 31 yanvarda – Rəsulzadənin anım günündə də Kərimlinin yanında olardılar. Yox idilər...

Bundan öncə - yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı.

O, hətta gülümsəyərək, utanmadan deyirdi ki, polis qəsdən Milli Şuranın tərəfdarlarını qrup şəklində Şəhidlər Xiyabanına buraxır ki, az görünsünlər. (Bunu 20 yanvar günü siyasi yalan kimi istifadə edə bilərdilər, çünki həmin gün Şəhidlər Xiyabanına kütləvi ziyarətə gələnlər olur. Müxalifətə qətiyyən aidiyyəti olmayan adamlara uzaqdan barmaq tuşlayıb, “odeyy, bunlar tərəfdarlarımız idi” iddia etmək kimi “lüksü” sirr deyil Kərimlinin. Ötənlərdə də çox istifadə edib belə metodlardan.)

Yaxşı, bəs görəsən Şura Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 150-200 adamla gəlib? Axı burada polis onlara heç bir maneçilik törətməmişdi! Heç foto və videokadrlarda polis gözə də dəymirdi...

Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər “radikal müxalifət başbilənləri” korporativ siyasi maraqları naminə yalanlar uydurmaqdan, ucuz təbliğatdan başqa bir şey düşünmürlər...

Xüsusi bir məqamı isə ən sonda qeyd edək. Hələ 2018-ci ilin ortalarından başlayaraq, prezident İlham Əliyev ölkədə ciddi struktur və kadr islahatları aparır, əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair müxtəlif sərəncamlar imzalayır. 2019-cu ilk ayında da bu proses davam etdi. 

Belə bir dönəmdə Əli Kərimli kəmfürsətcəsinə bloger Mehman Hüseynovun taleyi üzərində öz siyasi oyunlarını oynamağa çalışdı. Burada xüsusi vurğulayaq ki, Mehman küyə getməyərək, köməyi hansısa absurd xarici qüvvələrdən deyil, dövlət başçısından istədi və dərhal da reaksiya verildi, prosesləri hər kəs xatırlayır. 

Əli Kərimli isə yenə də öz siyasi şoularından qalmadı. Belə bir “izahat” verməyə çalışırdı ki, iqtidarın iqtisadi-sosial sferada islahatçı addımları, struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və birinci vitse-prezidentin tapşırıqları, şəhid ailələri ilə görüş, digər xalqın rifahının yaxşılaşdırılmasına yönəlik addımlar guya 19 yanvar mitinqinin nəticəsidir. Belə rəy yaradılırdı ki, bəs xalq artıq müxalifətə qoşulur deyə, iqtidar da bundan ehtiyatlanaraq islahatlara başlayır. 31 yanvarda 150 nəfərlə meydana çıxmaqla, bu iddianın sabun köpüyündən başqa bir şey olmadığı da təsdiqləndi.

Bu “30 illik müxalifət monopolistləri” hələ də fərqində deyir ki, bir bloger qədər bazaları yoxdur, bu görkəmlə hələ ağıl, məsləhət verməyə də çalışırlar...