“Hacıkənd Yay Düşərgəsi - 2018” layihəsinə start verilib

hacikend-yay-dusergesi-2018-layihesine-start-verilib
Oxunma sayı: 2879

Gəncə şəhər İcra Hakimiyyətinin, Prezident yanında Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi, “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə “Hacıkənd Yay Düşərgəsi - 2018” layihəsinə start verilib.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncənin Hacıkənd qəsəbəsində həyata keçirilən yay düşərgəsi “Gəncə - Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunub. Ölkənin müxtəlif regionlarından 85-ə yaxın gənc iştirak etdiyi düşərgənin açılış mərasimində YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak edib və yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıblar.

7 gün davam edəcək düşərgə müddətində iştirakçı gənclər “Gəncə - Avropanın İdman Şəhəri 2019” titulu, turizmin inkişafında gənclərin rolu, sosial biznes, gənclər evləri və yaradılan imkanlar mövzusunda sessiyalarda iştirak etməklə maariflənəcəklər. Əlavə olaraq düşərgə müddətində gənclər təbiətdə texniki işarələr, idman oyunları, ox-atma, yoqa, ilkin tibbi yardım və s. kimi praktiki fəaliyyətlərə cəlb olunacaq, o cümlədən təqdimatlar, müzakirələr və yürüşlərdə iştirak edəcəklər.