Ən azı 40 min vətəndaşın imzası toplanmalıdır

en-azi-40-min-vetendasin-imzasi-toplanmalidir
Oxunma sayı: 2020

Azərbaycanda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” yeni qanun layihəsi hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, layihə barədə çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb: “Layihə 10 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir”.

Bildirilib ki, Azərbaycanın seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü (bundan sonra - vətəndaşların qanunvericilik təşəbbüsü) hüququndan istifadə ilə bağlı Azərbaycan qanunvericiliyi, Konstitusiya, "Normativ hüquqi aktlar haqqında" qanun, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan,  Seçki Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir.

Təşəbbüs qrupunun üzvləri Azərbaycanın seçki hüququ olan ən azı 40 min vətəndaşının imzalarını toplamalıdırlar.

İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında həmin qrupun üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarına əsasən geri çağırıla bilər.

Günel Türksoy