Azərbaycan Rusiyadan bəzi məhsulların idxalına qadağa qoydu

azerbaycan-rusiyadan-bezi-mehsullarin-idxalina-qadaga-qoydu
Oxunma sayı: 1220

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisini başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

"Qafqazinfo"ya daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, Rusiyanın Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.