Zibil qutularının yanındakı çörəkqabı- - Bakıdan fotolar

zibil-qutularinin-yanindaki-corekqabi-
Oxunma sayı: 2654


Bu sözləri “Qafqazinfo”ya işlətdiyi taxta sexinin yanındakı zibilxanada çörək üçün ayrıca bir qutu hazırlayan usta deyib. Nərimanov rayonu Ağa Nemətulla küçəsində binaların arası ilə uzanan bu dalanda 2 baxçanın da yerləşdiyini nəzərə alsaq, bu təşəbbüsün gələcək nəsillər üçün də gözəl örnək olduğunu deyə bilərik. Ustanın sözlərinə görə, zibil vaxtı-vaxtında daşındığı üçün ətraf təmiz və üfunətsiz olur: 

“Əvvəl kənarda taxtaya mismarlar vurdum ki, çörəyi ora assınlar. Gördüm asan olmur, insanların zibillikdə eşələnib çörək axtarması mənə xoş olmur. Ona görə xüsusi bu taxta qutunu hazırladım və üstünə də böyük hərflərlə çörək yazdım ki, görsünlər. Artıq ətrafda yaşayan sakinlər çörək və un məhsullarını bu qaba qoyur, ehtiyacı olan, heyvan saxlayanlar da gəlir, burdan təmiz şəkildə götürür”.

İlk baxışdan sadə görünən bu kimi təşəbbüslər şəhərin əksər ərazilərində tullantıların çeşidlənməsi üçün ayrıca konteynerlər olmadığı üçün təmizlik və yardımlaşmaq mədəniyyətinin inkişafına və bu mədəniyyətin cəmiyyətdə formalaşmasına öz müsbət təsirini göstərir. Dünyanın bir sıra inkişaf etmiş ölkələri zibili emal edərək külli miqdarda gəlir götürür. Elə bu yaxınlarda Bakıda son 5 ayda toplanan məişət tullantıları arasından 52 kiloqramadək müxtəlif növdə qəpik yığılmışdı. Bundan başqa çeşidlənmə vasitəsi ilə, hər hansı bir əşyaya ehtiyacı olan insanlar da asan və təmiz şəkildə istədiyini götürə bilir.

Ancaq gəl ki, zibillikdən elə yenicə uzaqlaşan kimi hasarın yanı ilə, xüsusilə də, uşaq baxçasının ətrafında topa-topa zibillər gözümüzə dəyir. Küçənin girişindəki təmizlikdən 10-20 addım sonra əsər əlamət qalmır. Ərazinin yaxınlığında azı 3 hissədə zibil qutuları olsa da, bayaqkı söhbətimizdə çörək və digər yenidən istifadə olunan məhsulların nəinki çeşidlənməsi, zibilin zibil qablarına atılması məsələsində də əhalinin böyük problemləri olduğunu görə bilərik. Başqa vaxt yoxluğundan gileyləndiyimiz zibil qablarının bolluğunda ətraf mühiti çirkləndirmək sadəcə bu günümüz üçün yox, gələcəyimiz üçün də böyük təhlükədir. Zibili atmaq bir mədəniyyətdir və hər bir ölkənin mədəniyyəti əvvəlcə təmizliyindən bilinir.

Günel Hacı

“Qafqazinfo”